Banklar müştəri axtarır: İstehlak kreditləri daha da artacaq
Azərbaycanda bank sektorunda maraqlı vəziyyət yaranıb. Maliyyə qurumları kredit vermək üçün müştəri axtarır. Mərkəzi Bankın sədri banklarda xeyli sərbəst vəsaitin formalaşdığını və bu vəsaitlərin yerləşdirilməsi ilə bağlı imkanların mövcud olduğunu bildirib. Halbuki bir müddət əvvəl bankların kredit şərtləri və borclanma imkanları müzakirə mövzusu idi. İndi isə yaranmış vəziyyət diqqəti bank sektorunda baş verən dəyişikliklərə yönəldir.
Bəs bu dəyişikliklərin nəticəsi necə olacaq?
Bank eksperti Emin Kərimov Sfera.az-a açıqlamasında bildirib ki, banklarda sərbəst vəsaitlərin artması istehlak kreditləşməsinə tətbiq edilən tənzimləyici tələblər, kredit bazarında müəyyən doyumluluğun yaranması və mövcud kreditlərin vaxtında geri qaytarılması ilə əlaqələndirilir.
Onun fikrincə, banklarda sərbəst vəsaitlərin formalaşmasının əsas səbəblərindən biri istehlak kreditləşməsi sahəsində tənzimləyici tələblərin sərtləşdirilməsidir:
“Borcun gəlirə nisbəti əmsalının 45 faiz səviyyəsində saxlanılması həddindən artıq və kortəbii kreditləşmənin qarşısını alıb. Nəticədə banklar əvvəlki dövrlərlə müqayisədə istehlak kreditləri üzrə daha məhdud həcmdə maliyyə vəsaiti yerləşdirir. Eyni zamanda, verilmiş kreditlərin vaxtında geri qaytarılması da bankların sərbəst vəsaitlərinin artmasına şərait yaradır”.

Ekspert hesab edir ki, yaranmış vəziyyət banklar üçün yeni imkanlar açır. O bildirib ki, maliyyə qurumları sərbəst vəsaitləri istehlak kreditləri əvəzinə real sektora, xüsusilə də kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə yönəldə bilərlər:
“Bu istiqamətdə biznes kreditlərinin faizlərinin aşağı salınması, komissiya haqlarının azaldılması və ya ləğvi, kredit məbləğlərinin artırılması kimi addımlar atıla bilər. Xüsusilə banklarla uzun müddətdir əməkdaşlıq edən, ödəniş intizamı və maliyyə fəaliyyəti ilə etibar qazanan sahibkarlara daha əlverişli şərtlərin təqdim edilməsi məqsədəuyğun olardı.
Banklarda vəsaitlərin hərəkətsiz qalması gəlir imkanlarının azalması deməkdir. Halbuki həmin maliyyə resurslarının real sektora yönəldilməsi həm bankların gəlirliliyini artıra, həm də biznes subyektlərinin inkişafına təkan verə bilər”.
Ekspert əlavə edib ki, istehlak kreditləşməsində bazarın müəyyən doyumluluğa çatması bankları yeni kredit məhsulları yaratmağa və biznes seqmentində daha fəal olmağa sövq edə bilər. Onun fikrincə, bu, eyni zamanda, kredit risklərinin daha düzgün qiymətləndirilməsinə və maliyyə resurslarının səmərəli bölüşdürülməsinə imkan yaradar.
İradə Elsevər






