Əjdər İbrahimov Vyetnam kinosunun inkişafında böyük rol oynayıb - Le Ti Ha

Azərbaycan Kinosu Günü çərçivəsində keçirilən tədbirdə Vyetnam Film İnstitutunun direktoru Le Ti Ha Azərbaycan ilə Vyetnam arasında kino sahəsindəki tarixi əlaqələrdən danışıb.
Sfera.az xəbər verir ki, o, ilk dəfə Azərbaycanda belə bir tədbirdə iştirak etdiyini və bundan böyük məmnunluq duyduğunu bildirib.
Le Ti Ha qeyd edib ki, bu il Vyetnam Film İnstitutu Azərbaycanın Vyetnamdakı səfirliyi ilə birlikdə azərbaycanlı rejissor Əjdər İbrahimovun "Vyetnamda gördüklərim" adlı əsərinin təqdimatını təşkil edib:
"Əjdər İbrahimov 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin dəvəti ilə müharibənin davam etdiyi çətin dövrdə Vyetnama gedib. O, Vyetnam inqilabi kinosunun formalaşmasında, Vyetnam Kino Məktəbinin yaradılmasında və bu məktəbin ilk məzunlarının yetişdirilməsində mühüm xidmətlər göstərib. Azərbaycanlı rejissor ilk kino nəslinin hazırlanmasına şəxsən rəhbərlik edib. Onun rəhbərliyi ilə ərsəyə gələn "Con chim vành khuyên" ("Ağgöz quş"), "Một ngày đầu thu" ("Payızın ilk günü") və "Hai người lính" ("İki əsgər") filmlərindən ikisi 1962-ci ildə Karlovi Vari Beynəlxalq Film Festivalında mükafata layiq görülüb".
Vyetnam Film İnstitutunun direktoru vurğulayıb ki, Əjdər İbrahimovun fəaliyyəti Vyetnam kinosunun beynəlxalq aləmdə tanınmasına yol açıb.
O əlavə edib ki, rejissor Vyetnamdan ayrıldıqdan sonra da bu ölkəyə olan bağlılığını qoruyub saxlayıb və Vyetnam haqqında daha üç əsər qələmə alıb. Həmin əsərlərdən biri 2026-cı ildə Vyetnam dilində nəşr olunub və bu ilin may ayında Hanoyda Vyetnam Film İnstitutunda ictimaiyyətə təqdim edilib.
Firuzə Əliyeva





