Almaniyada 10 minə yaxın insan istidən ölüb

Almaniyada 10 minə yaxın insan istidən ölüb
Kateqoriya məlum deyil
T

Almaniyada bu il həddindən artıq isti hava səbəbindən həyatını itirənlərin sayı son illərin ən yüksək səviyyəsinə yüksəlib.

Ölkənin milli ictimai səhiyyə qurumu olan "Robert Koch" İnstitutu (RKI) bildirib ki, ilin əvvəlindən iyulun 19-dək isti hava ilə əlaqəli olduğu ehtimal edilən ölüm hallarının sayı təxminən 9 min 800-ə çatıb.

Sfera.az xəbər verir ki, RKI-nin həftəlik hesabatına əsasən, bu göstərici 2016-cı ildən bəri qeydə alınan bütün illik göstəriciləri geridə qoyub. İndiyədək ən yüksək illik isti hava ilə bağlı ölüm sayı 2018-ci ildə qeydə alınmış və təxminən 9 min nəfər təşkil edib.

Hesabatda qeyd olunub ki, ölüm hallarının təxminən yarısı iyunun ikinci yarısında ölkəni bürüyən güclü istilər zamanı baş verib. Həmin dövrdə Almaniyanın bir çox bölgəsində havanın temperaturu 40 dərəcəyə yaxınlaşıb. Aprelin əvvəlindən iyulun 12-dək isti hava ilə əlaqəli təxminən 7 min 900 ölüm qeydə alındığı halda, təkcə 13-19 iyul tarixlərini əhatə edən bir həftədə bu rəqəmə daha 1 900 ölüm əlavə olunub. Məlumata görə, isti hava səbəbindən həyatını itirənlərin böyük əksəriyyətini yaşlı insanlar təşkil edib. Belə ki, ölənlərin 5 min 420-si 85 yaş və yuxarı, 2 min 460-ı 75-84 yaş, 1 260-ı isə 65-74 yaş qrupuna aid olub. 65 yaşdan aşağı şəxslər arasında isə təxminən 630 ölüm halı qeydə alınıb.

RKI vurğulayıb ki, əksər hallarda ölümün birbaşa səbəbi günvurma olmayıb. Həddindən artıq isti hava ürək-damar, ağciyər və böyrək xəstəlikləri kimi mövcud sağlamlıq problemlərini ağırlaşdıraraq ölüm riskini artırıb. Bu səbəbdən də temperatur çox vaxt ölüm haqqında şəhadətnamələrdə birbaşa ölüm səbəbi kimi göstərilməyib. İnstitutun məlumatına görə, orta həftəlik temperaturun 20 dərəcədən yuxarı olduğu dövrlərdə ölüm göstəriciləri nəzərəçarpacaq dərəcədə artır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, yay aylarında Almaniyada gözlənilən yeni isti hava dalğaları da ölüm hallarının sayını daha da yüksəldə bilər. Meteoroloqlar yaxın günlərdə ölkənin bəzi bölgələrində temperaturun yenidən 40 dərəcəyə yaxınlaşacağını, hətta bəzi ərazilərdə bu həddi keçəcəyini proqnozlaşdırıblar.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR