FİFA prezidentinin müşaviri istefa verdi

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) prezidentinin müşaviri Karlos Kodeyro dünya çempionatının keçirilməsi hüquqlarının satışı ilə bağlı fikir ayrılığı səbəbindən təşkilatdan ayrılıb.
Sfera.az bildirir ki, bu barədə "Sky News" məlumat yayıb.
Kodeyro bildirib ki, sözügedən təkliflə heç bir əlaqəsi olmayıb və ona qəti şəkildə qarşı çıxır.
“Mənim bu təkliflə heç bir əlaqəm olmayıb və buna qəti etiraz edirəm. Bu, FİFA-ya üzv assosiasiyalar üçün, futbol üçün və bu idmanın uzunmüddətli gələcəyi baxımından pis razılaşmadır”, – deyə o bildirib.
Daha əvvəl "The Telegraph" nəşri FİFA prezidenti Canni İnfantinonun dünya çempionatının müəyyən hissəsinin özəl investorlara satılması təklifini nəzərdən keçirdiyini yazmışdı.
Məlumata görə, FİFA turnirin idarəçiliyini ayrıca şirkətə ayırmağı və həmin şirkətin səhmlərinin təxminən 20-30 faizini investorlara satmağı planlaşdırır.
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) isə bildirib ki, FİFA dünya çempionatının keçirilməsi hüquqlarını satarsa, 2030-cu ildə keçiriləcək növbəti mundialı boykot etməyi nəzərdən keçirə bilər.
Boykot ideyasına UEFA-ya daxil olan 55 milli assosiasiyanın hamısının qoşulduğu bildirilib.
İnci
Sfera.az



