“Casio” yeni model üzüyünü təqdim etdi - FOTO

“Casio” yeni model üzüyünü təqdim etdi - FOTO
Kateqoriya məlum deyil
T

Yaponiyanın texnologiya nəhəngi “Casio” yeni nəsil ağıllı üzük-saat modeli “CRW-H001M-8”i rəsmi olaraq təqdim edib.

Sağlamlıq göstəricilərinin izlənilməsi, uzun batareya ömrü və kompakt dizaynı ilə seçilən cihaz ilk olaraq Çin bazarında satışa çıxarılacaq.

Sfera.az xəbər verir ki, klassik gümüş rəngli LCD ekrana malik olan “CRW-H001M-8” davamlı olaraq ürək ritmini, qandakı oksigen səviyyəsini, yuxu keyfiyyətini və bədən temperaturunu izləyə bilir. Bununla yanaşı, cihaz gündəlik atılan addımları və yandırılan kaloriləri hesablayır, həmçinin qaçış və velosiped sürmə kimi idman rejimlərini dəstəkləyir.

Model “Android”, “iPhone” və “HarmonyOS” əməliyyat sistemləri ilə uyğun işləyir. İstifadəçilər “AIZO Ring” tətbiqi vasitəsilə bütün sağlamlıq göstəricilərini smartfonlarında izləyə bilirlər. Ağıllı üzükdə quraşdırılmış vibrasiya mühərriki daxil olan zəng və mesaj bildirişlərini səssiz şəkildə istifadəçiyə çatdırır.

Şarj edilə bilən ağıllı modulla çalışan cihaz bir doldurma ilə 4-6 gün, gözləmə rejimində isə 25 günədək işləyə bilir. Saatın əsas batareyasının istifadə müddəti isə təxminən iki il təşkil edir.

Model xronometr və avtomatik təqvim kimi klassik saat funksiyalarını da özündə birləşdirir. Kiçik, orta və böyük olmaqla üç ölçüdə təqdim edilən cihaz polad korpusa, mineral şüşəyə malikdir və cəmi 19 qram çəkir. Optik sensorların dəqiq işləməsini təmin etmək məqsədilə əvvəlki modellərdə istifadə olunan plastik ölçü tənzimləyicilərindən bu versiyada imtina edilib.

Yalnız gümüş rəngdə istehsal olunan “Casio CRW-H001M-8” xüsusi təqdimat qutusu ilə ilk olaraq Çin bazarında satışa çıxacaq. Cihazın qiyməti 1 990 yuan (təxminən 294 ABŞ dolları) təşkil edir. Gələcəkdə modelin qlobal bazarda da satışa təqdim olunacağı gözlənilir.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR