Fransa İspaniya sərhədində nəzarəti gücləndirir

Fransa İspaniyanın Seuta muxtar şəhərinə daxil olan miqrantların Şengen zonasına sərbəst keçə biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən İspaniya ilə sərhəddə nəzarəti gücləndirmək qərarına gəlib.
Sfera.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Loran Nunes "Politico" nəşrinə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, Seutadakı vəziyyət nəzərə alınaraq İspaniya sərhədində nəzarətin dərhal gücləndirilməsi barədə göstəriş verilib.
“Seuta anklavında yaranmış vəziyyətlə əlaqədar artıq ötən axşam İspaniya sərhədində sərhəd nəzarətinin dərhal gücləndirilməsi barədə göstəriş vermişəm”, – deyə Nunes bildirib.
O əlavə edib ki, sərhəd yoxlamalarına yerli polis əməkdaşları və hərbi bölmələr cəlb olunacaq. Hazırda Fransa bu məsələ ilə bağlı İspaniya hakimiyyəti ilə sıx əlaqə saxlayır.
Xatırladaq ki, bundan əvvəl İspaniyanın Şengen sərhədlərinin mühafizəsini lazımi səviyyədə təmin edə bilmədiyi əsas gətirilərək ölkənin müvəqqəti olaraq Şengen zonasından kənarlaşdırılması təklif edilmişdi.
İnci
Sfera.az



