Moskvadan İrəvana sərt mesaj: “Ermənistansız da davam edəcəyik”

Rusiya ilə Ermənistan arasında siyasi və iqtisadi gərginlik daha da dərinləşir. Moskva bu dəfə İrəvanın iqtisadi əhəmiyyətinə dair sərt mesaj verib.
Sfera.az xəbər verir ki, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov bildirib ki, Ermənistandan Rusiyaya idxal olunan məhsulların əvəzlənməsi Moskva üçün heç bir ciddi çətinlik yaratmayacaq. Nazirin sözlərinə görə, Ermənistanın Rusiyanın ümumi xarici ticarətində payı 0,9 faizi keçmir.
“Ermənistandan həyata keçirilən tədarükün əvəzlənməsi bizim üçün problem yaratmayacaq”, – deyə Reşetnikov vurğulayıb.
Nazir qeyd edib ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyü ölkə iqtisadiyyatına ciddi üstünlüklər qazandırıb. Onun sözlərinə görə, Ermənistanın AİB ölkələrinə ixracı 2015-ci ildəki 240 milyon dollardan hazırda 3,2 milyard dollara yüksəlib.
Reşetnikov bildirib ki, Ermənistanın ənənəvi ərzaq, kənd təsərrüfatı məhsulları və alkoqollu içki ixracının 80 faizdən çoxu məhz AİB ölkələrinin payına düşür. Bu səbəbdən alternativ bazarlara yönəlmək istehsal zəncirinin uzunmüddətli yenidən qurulmasını tələb edəcək və kommersiya risklərini artıracaq. Nazir əlavə edib ki, Rusiya hazırda Ermənistana 1000 kubmetr təbii qazı 177,5 dollara satır.
Onun sözlərinə görə, Avropada isə analoji qazın qiyməti 600 dolları ötür və bu güzəşt Ermənistana hər il təxminən 1 milyard dollar iqtisadi üstünlük qazandırır. Reşetnikov həmçinin bildirib ki, Rusiyanın idarə etdiyi Cənubi Qafqaz Dəmir Yollarına 30 milyard rubldan çox investisiya yatırılıb. Əgər müqavilə şərtləri birtərəfli qaydada dəyişdirilərsə, rus investorun dəyən zərərin ödənilməsi də tələb oluna bilər.
Nazir vurğulayıb ki, Ermənistan Avropa İttifaqına inteqrasiya siyasətini reallaşdıracağı təqdirdə belə, Avrasiya İqtisadi Birliyi fəaliyyətini Ermənistan olmadan da davam etdirəcək. Onun sözlərinə görə, birlik iqtisadi baxımdan Ermənistandan asılı deyil. Qeyd edək ki, Rusiya ilə Ermənistan arasında münasibətlər Baş nazir Nikol Paşinyanın ölkəsinin Avropa İttifaqına üzvlük prosesini başlatmağa yönəlmiş qanun layihəsini təsdiqləməsindən sonra daha da gərginləşib. Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin də Ukrayna nümunəsini xatırladaraq Ermənistanın Avropa İttifaqına yaxınlaşması ilə bağlı xəbərdarlıq edib.
Bəsti Rəfizadə





