Hiroşimada elmə məlum olmayan material tapılıb

Hiroşimada elmə məlum olmayan material tapılıb
Kateqoriya məlum deyil
T

1945-ci ildə Hiroşimaya atılan atom bombasının partlayışından sonra Yer üzündə əvvəllər elmə məlum olmayan yeni materialın yarandığı müəyyən edilib. Alimlər nüvə partlayışının yaratdığı ekstremal şəraitdə formalaşmış radioaktiv qalıqlarda unikal metal ərintisi aşkar ediblər.

Sfera.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Tədqiqatçılar qeyri-adi kəşfi Hiroşima körfəzinin sahillərindən toplanmış və "hiroşimitlər" adlandırılan mikroskopik şüşə hissəciklərini araşdırarkən ediblər.

Elektron mikroskopiyası, kimyəvi analiz və rentgen difraksiyası vasitəsilə alimlər indiyədək məlum olan heç bir ərintiyə bənzəməyən quruluşa malik kiçik metal dənəciyi aşkar ediblər.

Yeni materialın tərkibində dəmir, xrom, nikel, manqan, molibden, silisium və alüminium var. Tərkibi paslanmayan poladı xatırlatsa da, atomları əvvəllər heç vaxt müşahidə olunmayan unikal kristal quruluşunda yerləşib. Mütəxəssislərin fikrincə, bu ərinti atom partlayışının alov topunda, temperaturun 7 min dərəcədən çox olduğu şəraitdə yaranıb. Həmin anda metal, beton, şüşə, torpaq və digər materiallar buxarlanıb, daha sonra isə yüksək temperaturda yaranan bulud sürətlə soyuyub. Bu sürətli soyuma atomların təbii yolla formalaşması mümkün olmayan qeyri-adi quruluşda "donmasına" səbəb olub.

Alimlər hesab edirlər ki, aşkarlanan ərinti tamamilə yeni material sinfinin nümayəndəsi ola bilər. Onun öyrənilməsi ekstremal temperatur şəraitində baş verən prosesləri daha yaxşı anlamağa kömək edəcək və gələcəkdə daha möhkəm, yüngül və istiliyədavamlı ərintilərin hazırlanmasına şərait yarada bilər.

Araşdırma müəllifləri bildirirlər ki, bu kəşf insan tərəfindən yaradılan ekstremal şəraitin təbiətdə əvvəllər mövcud olmayan materialların yaranmasına səbəb ola biləcəyini təsdiqləyir.

Onlar həmçinin istisna etmirlər ki, Hiroşimadakı radioaktiv qalıqlarda elmə hələ məlum olmayan başqa materiallar da gizlənə bilər.

Qeyd edək ki, "Little Boy" ("Balaca oğlan") adlanan atom bombası 1945-ci il avqustun 6-da Hiroşimaya atılıb. Təxminən 580 metr yüksəklikdə baş verən partlayışın gücü 15 min ton trotil ekvivalentinə bərabər olub. Partlayış nəticəsində dərhal 60-80 min nəfər həlak olub, ilin sonuna qədər isə yanıq və radiasiya xəstəliyindən ölənlərlə birlikdə qurbanların sayı təxminən 140 minə çatıb.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR