“Apple” yeni rekorda imza atdı

Texnologiya nəhəngi “Apple”səhmlərinin tarixi rekord həddə yüksəlməsi ilə bazar dəyərini ilk dəfə 5 trilyon dollardan yuxarı qaldırıb.
Sfera.az bildirir ki, “Apple”-ın səhmləri birja sessiyası zamanı 342,89 dollaradək yüksələrək bütün zamanların ən yüksək göstəricisini qeydə alıb. Bununla da şirkətin bazar kapitallaşması qısa müddətə 5 trilyon dolları keçib.
5 trilyon dollar həddini ilk dəfə 2025-ci ilin iyununda “Nvidia” keçib. “Apple” isə bu ayın əvvəlində rəqibini geridə qoyaraq dünyanın ən dəyərli şirkəti mövqeyinə yüksəlib.
Böyük texnologiya şirkətlərindən fərqli olaraq “Apple” süni intellekt sahəsində böyük borclanmaya səbəb olan nəhəng xərclərdən nisbətən uzaq dayanaraq güclü pul axınını qoruyub.
Şirkətin səhmləri ilin əvvəlindən etibarən təxminən 25 faiz bahalaşıb. Yenilənmiş “Siri” kimi xidmətlərdə “Google”un texnoloji infrastrukturundan istifadə edilməsi də şirkətin strategiyasının diqqət çəkən məqamlarından biri olub.
Bundan başqa, ötən ay “MacBook” və “iPad” modellərinin qiymətləri artırılsa da, “iPhone” qiymətlərinin sabit saxlanılması bu məhsullara olan tələbatı artırıb.
“Apple” ABŞ bazarında “Klarna” ilə əməkdaşlıq çərçivəsində cihazların icarəyə götürülməsi imkanını da təqdim edib. Yeni model vasitəsilə istifadəçilər “iPhone”, “iPad” və “Mac” modellərindən daha münasib aylıq ödənişlərlə yararlana bilirlər.
Ekspertlər hesab edirlər ki, bu strategiya qiymət artımlarından əvvəl istehlakçıların xərclərlə bağlı gözləntilərinə müsbət təsir göstərib.
Şirkətin cümə axşamı birja bağlandıqdan sonra üçüncü rüb üzrə maliyyə hesabatını açıqlaması gözlənilir. Analitiklər “Apple”-ın gəlirlərinin ötən ilin eyni dövrü ilə müqayisədə 15 faizdən çox artacağını proqnozlaşdırırlar.
Mənsumə






