Tanınmış musiqiçi faciəvi şəkildə həlak oldu

İrlandiyalı məşhur müğənni, bəstəkar və “Oskar” mükafatı laureatı Qlen Hansard 56 yaşında faciəvi şəkildə dünyasını dəyişib.
Sfera.az xəbər verir ki, “The Swell Season” üzvü olan sənətçi iyulun 29-da səhər saatlarında Dublin yaxınlığında motosiklet qəzasına düşüb.
Qəza yerli vaxtla saat 04:30 da baş verib, hadisə yerinə təcili tibbi yardım cəlb olunsa da, həkimlərin göstərdiyi müdaxilələrə baxmayaraq, Hansardın həyatını xilas etmək mümkün olmayıb.
Musiqiçinin nümayəndələri onun ölümünü sosial şəbəkələrdə paylaşdıqları açıqlama ilə təsdiqləyiblər. Ailəsinin bu ağır itkidən dərin sarsıntı keçirdiyi bildirilib.
Qəzanın səbəbləri ilə bağlı araşdırma davam edir. Bu səbəbdən hadisənin detalları barədə əlavə məlumat verilməyib.
Qlen Hansard kim idi?
1970-ci ildə Dublində anadan olan Qlen Hansard musiqi karyerasına çox erkən başlayıb. O, 13 yaşında məktəbi tərk edərək küçələrdə musiqi ifa etməyə başlayıb.
1990-cı ildə “The Frames” qrupunu yaradıb və qrupla birlikdə altı studiya albomu ərsəyə gətirib.
2006-cı ildə çexiyalı müğənni və bəstəkar Markéta Irglová ilə birlikdə “The Swell Season” qrupunu yaradıb.
Onların karyerasında ən böyük dönüş nöqtəsi 2007-ci ildə ekranlara çıxan “Once” filmi olub. Hansard və İrglová filmdə həm rol alıb, həm də filmin musiqilərini hazırlayıblar.
Filmin məşhur “Falling Slowly” mahnısı 2008-ci ildə “Ən yaxşı orijinal mahnı” nominasiyasında “Oskar” mükafatına layiq görülüb.
Hansard solo karyerasında da uğur qazanıb və beş albom ərsəyə gətirib. Onun 2012-ci ildə çıxan “Rhythm and Repose” albomu da böyük maraqla qarşılanıb. Sənətçi, həmçinin “The Hunger Games” filminin saundtrekində yer alan mahnılardan birini ifa edib.
Qlen Hansard özünəməxsus səsi, emosional ifası və “Once” filmində yaratdığı musiqi ilə dünya miqyasında tanınan sənətçilərdən biri idi.
Aynil






