İrandan Hörmüz boğazı ilə bağlı sərt mesaj

İrandan Hörmüz boğazı ilə bağlı sərt mesaj
Kateqoriya məlum deyil
T

İran İnqilab Keşikçiləri Korpusu ABŞ-nin bölgədəki hərbi fəaliyyətləri və dəniz nəqliyyatına müdaxilələrinin davam edəcəyi təqdirdə Hörmüz boğazının yenidən gəmilərin hərəkəti üçün açılmayacağını açıqlayıb.

Sfera.az xəbər verir ki, Yaxın Şərqdə gərginliyin yenidən artdığı bir vaxtda İran dünya enerji bazarlarını yaxından maraqlandıran bəyanatla çıxış edib. Dünya neft ticarətinin ən strateji marşrutlarından biri hesab olunan Hörmüz boğazının gələcəyi ilə bağlı danışan İran İnqilab Keşikçiləri Korpusu bildirib ki, ABŞ-nin bölgədəki hərbi mövcudluğu və fəaliyyətləri davam etdiyi müddətdə boğazın yenidən açılması mümkün deyil.

İran dövlət televiziyası vasitəsilə yayımlanan açıqlamada vurğulanıb ki, Hörmüz boğazı İranın nəzarətindədir. Bildirilib ki, ABŞ-nin bölgədə həyata keçirdiyi hərbi əməliyyatlar və dəniz nəqliyyatına müdaxilələr davam etdiyi müddətdə boğazın yenidən istifadəyə verilməsi gündəmdə deyil.

İran rəsmiləri gərginliyin davam etməsinin təkcə boğazın bağlı qalması ilə məhdudlaşmayacağını, bölgədə təhlükəsizlik vəziyyətinin daha da pisləşə biləcəyini bildiriblər. Açıqlamada qeyd olunub ki, Vaşinqton administrasiyası siyasətini dəyişməyəcəyi halda regional təhlükəsizlik daha da həssas vəziyyətə düşə bilər.

İnqilab Keşikçiləri Korpusunun bəyanatında yalnız ABŞ deyil, Vaşinqtona dəstək verən ölkələr də xəbərdar edilib. Həmin dövlətlərin mövcud mövqelərini davam etdirmələri halında "sərt cavabla qarşılaşacaqları" bildirilib və bölgədə baş verə biləcək hadisələrə görə məsuliyyətin onların üzərinə düşəcəyi iddia olunub.

Hörmüz boğazı Fars körfəzini Oman dənizi və Hind okeanı ilə birləşdirən ən mühüm dəniz yollarından biridir. Dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz ixracının əhəmiyyətli hissəsi məhz bu boğaz vasitəsilə həyata keçirilir.

Mütəxəssislərin fikrincə, boğazda yaranacaq hər hansı məhdudiyyət və ya uzunmüddətli bağlanma təkcə regionun təhlükəsizliyinə deyil, həm də qlobal enerji təchizatına, dəniz daşımalarına və beynəlxalq bazarlarda qiymətlərə ciddi təsir göstərə bilər.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR