Aİ-dən Ukraynaya 3,47 milyard avroluq yeni hərbi dəstək

Aİ-dən Ukraynaya 3,47 milyard avroluq yeni hərbi dəstək
Kateqoriya məlum deyil
T

Avropa İttifaqı (Aİ) Komissiyası Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə ölkəyə 3,47 milyard avro həcmində yeni maliyyə dəstəyi ayırıb.

Sfera.az xəbər verir ki, bu barədə Aİ Komissiyasının yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, vəsait Rusiya ilə müharibə şəraitində olan Ukraynanın təcili hərbi ehtiyaclarının qarşılanmasına yönəldiləcək. Sözügedən maliyyə paketi ümumi həcmi 90 milyard avro olan Ukraynaya Dəstək Krediti proqramının müdafiə komponenti çərçivəsində ayrılıb.

Məlumata görə, ayrılan vəsait uzaqmənzilli reaktiv mühərrikli pilotsuz uçuş aparatlarının (PUA), raketlərin, hava hücumundan müdafiə sistemlərinin, eləcə də Gripen döyüş təyyarələrinin alınmasına sərf olunacaq. Bununla da Ukraynanın müdafiə imkanlarının daha da gücləndirilməsi hədəflənir. Aİ Komissiyasının sədri Ursula von der Leyen məsələ ilə bağlı bildirib ki, bu maliyyə dəstəyi Ukrayna səmasının qorunmasına töhfə verəcək.

O qeyd edib ki, Avropanın sənaye potensialı ilə Ukraynanın innovasiya imkanlarının birləşdirilməsi tərəflərin müdafiə sənayesini daha da yaxınlaşdırır. “Rusiyanın hər bir hücumu Ukraynanın azad qalmaq əzmini, həmçinin bizim Ukraynanın yanında lazım olduğu müddət ərzində dayanmaq qətiyyətimizi daha da gücləndirir”, – deyə fon der Leyen vurğulayıb.

Aİ Komissiyası həmçinin açıqlayıb ki, 2026-cı il ərzində Ukraynanın müdafiə sənayesi potensialının artırılması məqsədilə ümumilikdə 28,3 milyard avro vəsaitin ödənilməsi planlaşdırılıb. Bildirilib ki, Aİ və üzv dövlətlərin müharibənin başlanğıcından indiyədək Ukraynaya göstərdiyi ümumi dəstəyin həcmi artıq 220 milyard avronu ötüb.

Bəsti Rəfizadə

Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR