ABŞ-dən rekord addım: "Patriot" raketlərinə 58,6 milyard dollar ayrıldı

ABŞ Ordusu "Lockheed Martin" şirkəti ilə "Patriot" zenit-raket kompleksləri üçün raketlərin istehsalına dair rekord məbləğdə müqavilə imzalayıb.
Sfera.az xəbər verir ki, bu barədə "Military Watch Magazine" (MWM) məlumat yayıb.
Bildirilib ki, müqavilənin dəyəri 58,6 milyard ABŞ dolları təşkil edir. Nəşrin məlumatına görə, bu, indiyədək bu tip raketlərin alınması üzrə bağlanmış ən böyük müqavilədir.
Qeyd olunur ki, Pentaqon İranla qarşıdurma və Ukraynaya göstərilən hərbi yardım nəticəsində azalan raket ehtiyatlarını qısa müddətdə bərpa etməyə çalışır.
Bundan əlavə, müqavilənin imzalanması gələcəkdə baş verə biləcək yüksək intensivlikli münaqişələrə hazırlıq məqsədi də daşıyır. Bildirilir ki, raket əleyhinə sistemlər üçün tutucu raketlərin sürətlə tükənməsi və onların yüksək istehsal dəyəri ehtiyatların saxlanılmasını xeyli bahalaşdırır.
Xatırladaq ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Kiyevə "Patriot" raketlərinin istehsalı üçün lisenziya verilməsinə razılıq verdiyini açıqlamışdı.
İnci
Sfera.az






