“Mossad” Müctəba Xameneininn izindədir

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və İsrailin xarici kəşfiyyat xidməti “Mossad”ın İranın yeni ali dini lideri Müctəba Xameneinin yerini müəyyənləşdirmək üçün intensiv fəaliyyət göstərdiyi iddia olunur.
Sfera.az xəbər verir ki, Britaniyanın “The Times” nəşri onun gizlənmək üçün tətbiq etdiyi üsullarla bağlı diqqətçəkən məlumatlar yayıb.
Nəşrin iddiasına görə, 2026-cı il fevralın 28-də atası Əli Xameneinin öldüyü hücum zamanı ağır yaralanan Müctəba Xamenei həmin vaxtdan bəri ictimaiyyət qarşısına çıxmayıb. Onun harada olduğu ilə bağlı müxtəlif iddialar səsləndirilsə də, bu məlumatlar müstəqil şəkildə təsdiqlənməyib.
“The Times” qəzetinin 37 illik redaktoru Maykl Evansa danışan Mossadın keçmiş rəhbərlərindən Rami İqranın sözlərinə görə, Müctəba Xamenei izini itirmək üçün müasir texnologiyalardan tamamilə imtina edib. O iddia edir ki, əgər Xamenei sağdırsa, son 150 gündə nə telefondan, nə də kompüterdən istifadə edib. Keçmiş kəşfiyyatçı hesab edir ki, Xamenei Tehranın dərinliklərində yerləşən sığınacaq və ya mağarada gizlənə bilər.
Onun məlumatına görə, əlaqə saxlamaq üçün kağız məktublardan istifadə olunur. Yazılan qeydlər məzmunundan xəbəri olmayan kuryerlər vasitəsilə dəfələrlə əl dəyişdirilərək ünvanına çatdırılıb. Rami İqra bildirib ki, hazırda Müctəba Xameneiyə çatmağın yeganə yolu onunla birbaşa əlaqə qura bilən agent tapmaqdır. Lakin onun fikrincə, bu, demək olar ki, mümkün deyil. Çünki Xameneinin olduğu yeri İranda cəmi iki və ya üç nəfərin bildiyi iddia edilir.
Məqalədə həmçinin qeyd olunub ki, İran Prezidenti Məsud Pezeşkianın Müctəba Xamenei ilə görüşdüyünü bildirməsinə baxmayaraq, bunun baş vermədiyi irəli sürülür. Nəşrin yazdığına görə, Müctəba Xameneinin təhlükəsizliyi ən yüksək səviyyədə təşkil edilib və bu məqsədlə vaxtilə İraqın keçmiş lideri Səddam Hüseynin istifadə etdiyi üsula bənzər taktika tətbiq olunur. İddiaya əsasən, Xameneinin dublörlərindən istifadə edilir. Həmçinin ona yemək aparan bir neçə nəfərin olduğu, hər gün fərqli şəxsin hazırladığı yeməyin seçildiyi, digər şəxslərin isə yeməyi əslində dublörə təqdim etdiklərini bilmədikləri bildirilib.
Bəsti Rəfizadə






