Məzuniyyətdən sonra niyə özümüzü pis hiss edirik? – Psixoterapevt səbəbləri açıqladı

Məzuniyyətdən sonra işə qayıdışın çox vaxt stress və ruh düşkünlüyü ilə müşayiət olunmasının səbəbləri açıqlanıb.
Sfera.az xəbər verir ki, bu barədə "Medicina" Səhmdar Cəmiyyətinin (Akademik Roytberq Klinikası) psixoterapevti, tibb elmləri namizədi İrina Kraşkina Lenta.ru-ya danışıb.
Onun sözlərinə görə, məzuniyyətdən sonra işə qayıdış orqanizmin istirahət rejimindən qısa müddətdə yenidən gərgin iş rejiminə keçməsi ilə əlaqədar stress yaradır.
"İstirahət dövründə yuxu rejimi, qidalanma, fiziki aktivlik, ünsiyyət səviyyəsi və hətta hormonal fon dəyişir. İş rejiminə qayıdış isə diqqətin, intizamın və emosional sabitliyin qısa müddətdə bərpasını tələb edir", – deyə psixoterapevt bildirib.
Mütəxəssisin sözlərinə görə, məzuniyyət zamanı daxili gərginlik azalır. Lakin işə qayıtdıqdan sonra yenidən artan məsuliyyət, son tarixlər (dedlaynlar) və hər gün qəbul edilməli olan qərarların çoxluğu psixoloji yükü artırır.
Kraşkina qeyd edib ki, hormonal baxımdan postməzuniyyət sindromu orqanizmdə stress sisteminin aktivləşməsi ilə bağlıdır. Gərginlik artdıqca stress hormonu olan kortizolun səviyyəsi yüksələ bilər. Nəticədə əsəbilik, yorğunluq və işə uyğunlaşmaqda çətinlik hissi yaranır.
Psixoterapevt xəbərdarlıq edib ki, əgər məzuniyyət fərqli saat qurşağında keçirilibsə və ya istirahət dövründə gündəlik rejim pozulubsa, iş həyatına adaptasiya prosesi daha da çətinləşə bilər.
İnci
Sfera.az






