Londanda əhali sayı azalıb

Böyük Britaniyanın paytaxtı Londonda pandemiyadan sonra ilk dəfə əhali sayında azalma qeydə alınıb.
Ölkə vətəndaşlarının digər bölgələrə köçməsi nəticəsində 2025-ci ilin ortalarında şəhərin əhalisi 9,1 milyon nəfər təşkil edib.
Sfera.az xəbər verir ki, “The Telegraph” nəşrinin məlumatına görə, Londona beynəlxalq miqrasiya axını davam etsə də, ölkədaxili köçün artması paytaxtın ümumi əhali sayının azalmasına səbəb olub. Məlumata əsasən, ümumilikdə 420 min 500 nəfər Londonu tərk edərək Böyük Britaniyanın digər bölgələrinə köçüb. Bu göstərici digər bölgələrdən Londona gələnlərin sayını 131 min nəfər üstələyib. London Assambleyasının üzvü və Mühafizəkarlar Partiyasından keçmiş merliyə namizəd Susan Hall paytaxtın əhalisinin azalmasını London meri Sir Sadiq Xanın şəhər sakinlərinin gözləntilərini doğrulda bilməməsinin göstəricisi kimi qiymətləndirib.
“Londonun kiçildiyini eşitmək məni kədərləndirir, amma təəccübləndirmir. Bu tendensiyanı mütləq dəyişməliyik”, – deyə o bildirib.
Bununla yanaşı, ötən il Londona 234 min 600-dən çox beynəlxalq miqrant gəldiyi halda, 182 min 800 nəfərə yaxın şəxs paytaxtı tərk edərək xaricə köçməyi seçib. Statistikaya görə, Londonun əhalisi azalarkən İngiltərənin bütün digər bölgələrində artım qeydə alınıb. Yalnız Uelsdə əhali sayı 2015-ci ildən bəri ilk dəfə azalıb. Mütəxəssislər hesab edirlər ki, bu tendensiya paytaxtın iqtisadi və sosial vəziyyəti ilə bağlı narahatlıqları daha da artırır. Belə ki, Londonda işsizlik səviyyəsi 6,5 faiz təşkil edir ki, bu da Böyük Britaniyanın bütün bölgələri arasında ən yüksək göstəricidir. Ölkə üzrə orta işsizlik səviyyəsi isə 4,9 faizdir.
Bundan başqa, vergi məlumatları Londonda əməkhaqqı artımının digər bölgələrlə müqayisədə daha zəif olduğunu göstərir. Paytaxtda mənzil qiymətləri də ölkənin digər hissələri ilə müqayisədə xeyli yüksəkdir. Londonda orta aylıq kirayə haqqı 2 300 funt sterlinqdən çox olduğu halda, bu göstərici İngiltərənin cənub-şərqində 1 415, şimal-şərqində isə 781 funt sterlinq təşkil edir. Eyni zamanda, may ayında Londonda satılan tipik bir evin orta qiyməti 545 min funt sterlinq olub. Bu isə ölkə üzrə orta göstərici olan 271 min funt sterlinqdən demək olar ki, iki dəfə yüksəkdir.
Bəsti Rəfizadə






