500 nəfər dondurlaraq həyata qayıtmağı gözləyir

Dünyada indiyədək təxminən 500 nəfər kriokonservasiya (kriogen dondurma) prosedurundan keçib.
Onların böyük əksəriyyəti ABŞ-ın Arizona ştatındakı Alkor Həyatın Uzadılması Fondu (Alcor Life Extension Foundation) və Miçiqan ştatındakı Krionika İnstitutu (Cryonics Institute) tərəfindən xüsusi şəraitdə saxlanılır.
Sfera.az xəbər verir ki, bu şəxslər tibbi və hüquqi baxımdan ölü hesab olunsalar da, onların bədəni və ya yalnız beyni gələcəkdə yenidən həyata qaytarılacaqları ümidi ilə mənfi 196 dərəcə Selsi temperaturunda qorunur. Bu məqsədlə "vitrifikasiya" adlanan xüsusi texnologiyadan istifadə edilir. Proses zamanı orqanizmdəki bioloji mayelər krioprotektor maddələrlə əvəz olunur.
Bu isə hüceyrələrdə buz kristallarının yaranmasının qarşısını alır. Əks halda buz kristalları hüceyrə quruluşunu məhv edə bilərdi. Kriokonservasiya olunan şəxslər maye azotla doldurulmuş xüsusi Dyuar qablarında saxlanılır. Bu konteynerlər aşağı temperaturu qorumaq üçün elektrik enerjisinə ehtiyac duymur. Kriokonservasiya olunan insanlar arasında həm elm və texnologiya sahəsinin tanınmış simaları, həm də adi vətəndaşlar var.
Onların bir qismi prosedurun xərclərini həyat sığortası hesabına ödəyib. Bu siyahıda məşhur beysbolçu Ted Uilyams, ilk bitkoin istifadəçilərindən biri Hal Finni və krionika hərəkatının banisi hesab olunan alim Robert Ettinger də yer alır. Hazırda minlərlə insan kriokonservasiya üçün növbə siyahısındadır. Bu texnologiyanı seçənlər hesab edirlər ki, gələcəkdə nanoteknologiya, süni intellekt və regenerativ tibb kifayət qədər inkişaf etdikdən sonra həm ölümə səbəb olan xəstəliklər, həm də dondurulma prosesinin yaratdığı molekulyar zədələr aradan qaldırıla və bu insanlar yenidən həyata qaytarıla bilər.
Bununla belə, indiyədək kriokonservasiya edilmiş hər hansı bir insanın yenidən həyata qaytarılması elmi cəhətdən mümkün olmayıb və bu yanaşmanın gələcəkdə uğurlu olacağına dair heç bir elmi sübut yoxdur.
Firuzə Əliyeva






