“Telegram”-ın qurucusu axtarışa verildi

“Telegram”-ın qurucusu axtarışa verildi
Kateqoriya məlum deyil
T

Rusiya “Telegram” mesencerinin qurucusu Pavel Durovu Ukrayna kəşfiyyatına yardım göstərməkdə ittiham edib. Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) bildirib ki, “Telegram” platformasında fəaliyyət göstərən bəzi kanal, qrup və botlardan Ukrayna kəşfiyyatı eləcə də terror və ekstremist qruplar tərəfindən Rusiya ərazisində hücumların planlaşdırılması, koordinasiyası və yeni üzvlərin cəlb edilməsi məqsədilə istifadə olunub.

Sfera.az xəbər verir ki, FSB-nin iddiasına görə, “Telegram” rəhbərliyi bu məzmunların silinməsi ilə bağlı müraciətlərə lazımi reaksiya verməyib. Bu səbəbdən Dubayda yaşayan, Fransa və Birləşmiş Ərəb Əmirliklərinin ikili vətəndaşı olan Pavel Durov barəsində beynəlxalq axtarış elan edildiyi və onun Rusiyanın axtarış siyahısına daxil edildiyi açıqlanıb.

“Telegram” şirkəti hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Pavel Durov isə bundan əvvəl Rusiya hakimiyyətini platformaya qarşı əsassız ittihamlar irəli sürməkdə və “Telegram”-ın fəaliyyətini məhdudlaşdırmağa cəhd göstərməkdə günahlandırıb.

Qeyd edək ki, Pavel Durov Rusiyanın ən böyük sosial şəbəkələrindən biri olan “VKontakte”-nin təsisçisidir. O, 2014-cü ildə Rusiya hakimiyyəti ilə fikir ayrılığı yaşadıqdan sonra ölkəni tərk edib və sonradan “Telegram”-ı yaradaraq fəaliyyətini Dubaydan davam etdirib.

Xatırladaq ki, Durov 2024-cü ilin avqustunda Fransada da istintaqa cəlb olunub. O, “Telegram” platformasında qanunsuz məzmunun qarşısının kifayət qədər alınmaması və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməməkdə ittiham olunsa da bu iddiaları rədd edib. Hazırda həmin iş üzrə araşdırmalar davam edir.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR