Bu qrupdakı ixtisaslara keçid balı artacaq - AÇIQLAMA

Bu qrupdakı ixtisaslara keçid balı artacaq - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Son blok imtahanlarının nəticələrinin açıqlanması ilə abituriyentlər üçün növbəti və ən həlledici mərhələ – ixtisas seçimi yaxınlaşır.

DİM-in elan etdiyi təqvimə əsasən, ixtisas seçiminin avqustun 10-dan sonra başlaması gözlənilir.

Bəs builki qəbul kampaniyasında hansı ixtisaslarda daha yüksək rəqabət olacaq? Hansı istiqamətlərdə keçid balları arta, hansılarında isə sabit qala və ya azala bilər?

Mövzu ilə bağlı Sfera.az-a danışan təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi bildirib ki, blok imtahanlarının həm birinci, həm də ikinci cəhdinin nəticələri artıq məlumdur:

"Bununla da qəbul imtahanı prosesi demək olar ki, başa çatıb. İndi müsabiqə şərtlərini ödəyən abituriyentləri ixtisas seçimi mərhələsi gözləyir. Hesab edirəm ki, proses avqustun ikinci ongünlüyünün əvvəlində başlayacaq".

Ekspertin sözlərinə görə, bu il xüsusilə I və II ixtisas qruplarında müraciət edənlərin sayının çox olması rəqabəti artıracaq:

"III və IV ixtisas qruplarında da iştirakçı sayı ilə plan yerləri arasında ciddi fərq var. Bu da həmin istiqamətlərdə rəqabətin yüksək olacağını deməyə əsas verir. Ən böyük rəqabət isə tədrisi ingilis dilində aparılan ixtisaslarda müşahidə ediləcək. Buraya iqtisadi, texniki, humanitar, pedaqoji və səhiyyə yönümlü ixtisaslar daxildir. Eyni zamanda, Azərbaycan bölməsində tədris olunan perspektivli ixtisaslarda da yüksək rəqabət gözlənilir".

Elçin Əfəndi keçid balları ilə bağlı da proqnozunu bölüşüb:

"Düşünürəm ki, IV ixtisas qrupunda yüksək bal toplayanların sayının çoxluğu keçid ballarına müəyyən təsir göstərəcək. Oxşar vəziyyət I və III qruplarda da müşahidə oluna bilər. II qrupda isə yüksək bal toplayanların sayı o qədər çox olmadığından keçid ballarında ciddi artım gözlənilmir".

Ekspert bildirib ki, ən yüksək keçid balları yenə də əmək bazarında daha çox tələb görən ixtisaslarda olacaq:

"I qrupda informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, data analitikası, kompüter elmləri, kompüter mühəndisliyi, pedaqoji, neft-qaz və kimya mühəndisliyi ixtisaslarında ballar yüksək qalacaq. II qrupda maliyyə, iqtisadiyyat, beynəlxalq ticarət və logistika, III qrupda hüquqşünaslıq, eləcə də Çin, Koreya, Yapon və İspan dilləri üzrə tərcümə ixtisaslarında rəqabət yüksək olacaq. IV qrupda isə tibb, stomatologiya, digər səhiyyə yönümlü ixtisaslar, həmçinin biotexnologiya və psixologiya üzrə keçid ballarının yüksək qalacağı gözlənilir".

O əlavə edib ki, keçid balları universitetlərə görə də fərqlənəcək:

"Tədris keyfiyyəti daha yüksək olan ali təhsil müəssisələrində keçid balları da ənənəvi olaraq yüksək olur. Bu il Qarabağ Universitetində də rəqabətin artacağını gözləyirik. Çünki həmin universitetdə təhsil almaq istəyən abituriyentlərin sayı kifayət qədər çoxdur".

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR