Əlcəzair tarixində ilk dəfə parlamentə qadın sədr seçildi

Əlcəzair parlamentinin aşağı palatası – Milli Xalq Assambleyası tarixində ilk dəfə qadını sədr vəzifəsinə seçib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu vəzifəyə allergoloq-həkim, paytaxt Əlcəzair vilayətindən deputat seçilən Xalidə Bufedeş gətirilib. O, ölkənin müstəqillik tarixində mühüm rol oynamış hakimiyyətyönlü Milli Azadlıq Cəbhəsi Partiyasının üzvüdür.
Məlumata görə, son parlament seçkilərində Milli Azadlıq Cəbhəsi 407 yerdən 91-ni qazanaraq ən çox mandat əldə edib. Seçkilərdə seçici fəallığı cəmi 21,24 faiz olub ki, bu da ölkə tarixində ən aşağı göstərici hesab edilir.
Bununla belə, parlamentə ilk dəfə qadın sədr seçilməsinə baxmayaraq, qadınların qanunverici orqandakı təmsilçiliyi aşağı səviyyədə qalır. Belə ki, parlamentdə cəmi 25 qadın deputat var ki, bu da ümumi deputat sayının 6,14 faizini təşkil edir.
Firuzə Əliyeva






