Rusiyadan deport olunanların sayı artıb

2026-cı ilin ilk altı ayında Rusiyadan qanun pozuntularına görə deportasiya edilən miqrantların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 65,5 faiz artıb.
Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin məlumat verib.
Onun sözlərinə görə, cari ilin ilk yarısında 43 min 700 miqrant ölkədən çıxarılıb.
Volodin bildirib ki, 2025-ci ilə qədər deportasiya yalnız məhkəmə qərarı ilə həyata keçirilirdi. Lakin 2025-ci ilin fevralında qüvvəyə minən qanuna əsasən, bu səlahiyyət məhkəmədənkənar qaydada Rusiya Daxili İşlər Nazirliyinə verilib.
O xatırladıb ki, ötən həftə qəbul edilən yeni qanunla deportasiyanı nəzərdə tutan İnzibati Xətalar Məcəlləsinin maddələrinin sayı 22-dən 45-ə çatdırılıb.
Yeni qaydalara əsasən, miqrantlar polis əməkdaşının qanuni tələbinə tabe olmama, ictimai asayişi pozma, internetdə insan ləyaqətini və ictimai mənəviyyatı təhqir edən məlumat yayma, Rusiya Silahlı Qüvvələrinin fəaliyyətini gözdən salmağa yönəlmiş ictimai hərəkətlər, Rusiyaya qarşı sanksiyalara çağırışlar, eləcə də irq, milliyyət, din, dil, cins və digər əlamətlərə görə ayrı-seçkilik kimi inzibati xətalara görə də deportasiya oluna biləcəklər.
Firuzə Əliyeva






