Qarabağa qayıdan neçə şəxsin məşğulluğu təmin edilib? - RƏQƏMLƏR

Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərin məşğulluğunun təmin edilməsi istiqamətində görülən işlər davam edir. Bu çərçivədə artıq minlərlə vətəndaş işlə təmin olunub, peşə hazırlığı kurslarına və özünüməşğulluq proqramlarına cəlb edilib.
Sfera.az xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyinin Kommunikasiya departamentinin müdir müavini Natiq Pənahlı saytımızın sorğusuna cavab olaraq məlumat verib.
Onun sözlərinə görə, Böyük Qayıdış proqramının icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərimizə qayıdan sakinlərin məşğulluğunun təmin edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin prioritet fəaliyyət istiqamətlərindən biridir:
"Bu məqsədlə Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən həmin ərazilərdə məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Görülən tədbirlər nəticəsində doğma yurdlarına köçürülmüş sakinlərdən artıq 11 256 nəfərin məşğulluğu təmin olunub".
O qeyd edib ki, onlardan 8 374 nəfər münasib işlə təmin edilib, 907 nəfər isə özünüməşğulluq proqramına cəlb edilərək onlar üçün kiçik biznes sahələri yaradılıb.
"İşğaldan azad edilmiş ərazilərdə əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təmin edilməsi məqsədilə işəgötürənlərlə birgə peşə hazırlığı kursları da təşkil olunur. İndiyədək 558 nəfər peşə hazırlığı kurslarına cəlb edilib. Kursları uğurla başa vuran şəxslərin işlə təmin olunmasına da dəstək göstərilir", – o əlavə edib.
N.Pənahlının sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda məşğulluğun təminatında sakinlərə işəgötürənlərlə birbaşa ünsiyyət imkanı yaradan əmək yarmarkaları da əhəmiyyətli rola malikdir:
"Ötən dövrdə Dövlət Məşğulluq Agentliyi tərəfindən həmin ərazilərdə 43 əmək yarmarkası keçirilib. Agentliyin əməkdaşları tərəfindən köçürülən sakinlərlə mütəmadi görüşlər keçirilir, aktiv məşğulluq tədbirləri barədə onlara ətraflı məlumat verilir və bu tədbirlərə cəlb edilmələri üçün qeydiyyat aparılır".
"Hazırda köçürülən sakinlərdən daha bir qrup şəxsin məşğulluğunun təmin edilməsi istiqamətində də müvafiq işlər davam etdirilir", –deyə Natiq Pənahlı qeyd edib.
Firuzə Əliyeva






