Uzun ömrün sirri bu qidalardan keçir – DİQQƏT!

Qidalanma mütəxəssisləri uzunmüddətli sağlamlığı qorumaq və bağırsaq mikrobiomunu gücləndirmək üçün gündəlik rasiona əlavə edilməli 3 əsas qida qrupunu açıqlayıb.
Ekspertlər bahalı əlavələrə ehtiyac olmadığını, mətbəxdə ediləcək sadə dəyişikliklərin sağlamlıq üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Sfera.az xəbər verir ki, müasir dövrdə xroniki xəstəliklərin artması alimləri və həkimləri qoruyucu sağlamlıq tədbirlərinə daha çox diqqət ayırmağa vadar edir. Mütəxəssislər sərt pəhrizlər və qısa müddətli arıqlama proqramları əvəzinə, davamlı və balanslı qidalanma vərdişlərinin vacibliyini qeyd edir.
Uzunmüddətli sağlamlıq üçün tövsiyə olunan əsas qidalardan biri fermentləşdirilmiş məhsullardır. Kimçi ev üsulu kələm turşusu və digər bu tip qidalar faydalı probiotik bakteriyalarla zəngin olduğu üçün bağırsaq fəaliyyətini yaxşılaşdırmağa kömək edir. Bu qidaların müntəzəm istifadəsi immun sistemini gücləndirir və orqanizmdə faydalı mikroorqanizmlərin balansını qoruyur.
Mütəxəssislərin siyahısında ikinci yerdə paxlalılar dayanır. Mərcimək, noxud, lobya kimi qidalar yüksək lif və bitki mənşəli zülal tərkibi ilə seçilir. Bu məhsullar uzun müddət toxluq hissi yaradır, qan şəkərinin sürətli dəyişməsinin qarşısını alır və sağlam qidalanmanın vacib hissəsi hesab olunur.
Digər mühüm dəyişiklik isə ağ un məhsullarını tam taxıllı qidalarla əvəz etməkdir. Ağ çörək, ağ düyü və adi makaron yerinə tam buğda, yulaf və kəpəkli məhsullara üstünlük vermək orqanizmin daha uzun müddət enerji ilə təmin olunmasına kömək edir.
Həkimlər bildirirlər ki, sağlam və uzun ömür üçün əsas məqsəd sərt pəhrizlər deyil, gündəlik qidalanmada kiçik və davamlı dəyişikliklər etməkdir. Düzgün seçilmiş qidalar həm maddələr mübadiləsini dəstəkləyir, həm də gələcəkdə yarana biləcək bəzi sağlamlıq problemlərinin riskini azaltmağa kömək edə bilər.
Mənsumə






