Böyük Britaniyada milyonçuların sayı azalıb

Böyük Britaniyada milyonçuların sayı qlobal maliyyə böhranının yaşandığı 2008-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.
Sfera.az xəbər verir ki, bu barədə Adam Smith İnstitutunun araşdırmasında qeyd olunub.
İnstitutun hazırladığı "Millionaire Tracker" hesabatına əsasən, 2021-ci ildə Böyük Britaniyada sərvəti 1 milyon funt sterlinqdən çox olan 1 milyondan artıq insan yaşayırdı. Lakin son beş ildə bu rəqəm kəskin azalaraq 422 min nəfərə enib ki, bu da 2008-ci ilin göstəricisinə uyğundur.
Araşdırmada bildirilir ki, bu azalmaya yüksək faiz dərəcələri, Britaniya iqtisadiyyatına inamın zəifləməsi, daşınmaz əmlak və digər real aktivlərin qiymətlərinin enməsi, yüksək vergi yükü və vergilərin daha da artırılması ehtimalı kimi amillər səbəb olub.
Tədqiqat müəllifləri vurğulayıblar ki, varlı şəxslərin ölkəni tərk etməsi Böyük Britaniya iqtisadiyyatı üçün mənfi nəticələr yaradır. Onların fikrincə, milyonçuların fəaliyyəti yeni iş yerlərinin yaradılmasına və iqtisadi artıma mühüm töhfə verirdi.
Firuzə Əliyeva






