ABŞ zərbələri İranda böyük itkilərə səbəb oub

ABŞ-nin İrana endirdiyi son zərbələrin ölkənin infrastrukturuna ciddi ziyan vurduğu açıqlanıb.
Sfera.az xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Fatimə Mühacirani Tehranda keçirdiyi mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, hücumlar nəticəsində ölkənin müxtəlif bölgələrində yerləşən mühüm mülki və nəqliyyat infrastrukturu zərər görüb. Mühacirani bildirib ki, Buşehr əyalətinə səfər zamanı dağıntılar yerində qiymətləndirilib.
İran rəsmisi qeyd edib ki, Buşehr Hava Limanı hücumlar nəticəsində tamamilə istifadəyə yararsız vəziyyətə düşüb.
O iddia edib ki, hava limanında yeni alınmış və əhalinin istifadəsi üçün nəzərdə tutulan təyyarə birbaşa hədəfə alınaraq məhv edilib. Hava limanının yenidən fəaliyyətə başlaması üçün genişmiqyaslı bərpa işlərinin aparılması zəruridir.
Fatimə Mühacirani əlavə edib ki, hücumlar zamanı Çabahar şəhərində yerləşən Dəniz Müşahidə Qülləsi də zərər görüb. Onun sözlərinə görə, balıqçılar, turizm obyektləri və digər mülki fəaliyyətlərdə istifadə olunan avadanlıqlar sıradan çıxıb. Həmçinin Buşehr Meteorologiya Mərkəzi ağır zədələnib.
İran hökumətinin sözçüsü vurğulayıb ki, Nəqliyyat və Şəhərsalma Nazirliyinin məlumatına əsasən, hücumlar nəticəsində ölkə üzrə 12 körpü və 2 tunel zədələnib. Bundan başqa, Bəndər-Abbas əsas dəmir yolu vağzalı, eləcə də bir sıra digər nəqliyyat obyektləri də zərər çəkib.
Onun sözlərinə görə, İranşəhr, Semnan və Bəndər-Abbas hava limanları da hücumlardan ziyan görüb və infrastruktur itkiləri ilə bağlı qiymətləndirmələr davam etdirilir.
Mühacirani hücumların enerji sektoruna da ciddi təsir göstərdiyini bildirib. O qeyd edib ki, ölkənin təbii qaz istehsal gücü təxminən 230 milyon kubmetr azalıb. Bu isə neft emalı zavodlarının xammal təminatına və elektrik stansiyalarının yanacaq ehtiyatlarına mənfi təsir göstərib.
İran rəsmisi əlavə edib ki, enerji istehlakının azaldılması hazırda hökumətin əsas prioritetlərindən biridir və bu istiqamətdə prezidentin rəhbərliyi ilə tədbirlər görülür.
İran hakimiyyəti hücumlardan sonra infrastruktur və enerji sahəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlərin davam etdiyini açıqlayıb. Bununla yanaşı, yayılan məlumatlar hələlik müstəqil mənbələr tərəfindən tam şəkildə təsdiqlənməyib.
Bəsti Rəfizadə
Sfera.az






