Yaponiyada 7 ballıq zəlzələ baş verdi

Yaponiyada 7,1 bal gücündə zəlzələ baş verib. Güclü yeraltı təkanlardan sonra ölkənin cənub-qərbində yerləşən bir sıra sahilyanı ərazilər üçün sunami xəbərdarlığı edilib.
Sfera.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) və Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, zəlzələnin episentri Kyuşu adası yaxınlığında qeydə alınıb. Yeraltı təkanın ocağı 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələdən dərhal sonra Yaponiya hökuməti Kumamoto, Naqasaki, Kaqoşima, Fukuoka, Saqa, Miyazaki və Oita prefekturalarında fövqəladə vəziyyət xəbərdarlığı yayıb.
Yaponiyanın ictimai yayımçısı NHK-nın məlumatına əsasən, sahilyanı bölgələrdə sunami təhlükəsi ilə bağlı əhaliyə xəbərdarlıq edilib. Səlahiyyətli qurumlar vətəndaşları dənizdən və sahil zolağından uzaq durmağa, rəsmi qurumların göstərişlərinə əməl etməyə çağırıblar.
Hazırkı məlumata görə, zəlzələ nəticəsində ölən və ya xəsarət alanlar barədə rəsmi məlumat açıqlanmayıb.
Bildirilib ki, yeraltı təkanlar xüsusilə Kumamoto prefekturasının Yatsuşiro, Uto və Maşiki bölgələrində daha güclü hiss olunub. Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, zəlzələ ölkənin “Şindo” seysmik intensivlik şkalası üzrə ən yüksək, yəni 7-ci səviyyədə qiymətləndirilib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə isə tikintisinə 1467-ci ildə başlanılan tarixi Kumamoto qalasının daş divarlarının bir hissəsinin çökdüyü iddia olunub. Qeyd edək ki, qala 2016-cı ildə baş vermiş güclü Kumamoto zəlzələləri zamanı ciddi ziyan görmüş və sonradan bərpa edilib.
Hadisə ilə bağlı vəziyyət izlənilir, Yaponiya rəsmiləri mümkün afterşoklar və sunami riski ilə əlaqədar əhaliyə ehtiyatlı olmağı tövsiyə ediblər.
Bəsti Rəfizadə
Sfera.az






