Putin Paşinyandan nə istəyib? - Barışıq onun xeyrinə deyil...

Putin Paşinyandan nə istəyib? - Barışıq onun xeyrinə deyil...
Kateqoriya məlum deyil
T

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

Bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.


Bildirilib ki, tərəflər ikitərəfli iqtisadi münasibətlərdə yaranan problemləri müzakirə ediblər.


N. Paşinyan Ermənistan mallarının Rusiya bazarına ixracına qoyulan məhdudiyyətlərin ikitərəfli müqavilələrə və Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydalarına zidd olduğunu bildirərək, bu məsələnin həlli üçün tədbirlər görülməsini xahiş edib. Baş nazir həmçinin Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı referendum mövzusuna toxunaraq, bunun yalnız Aİ-yə rəsmi müraciət edildikdən sonra mümkün olacağını qeyd edib. O, Ermənistan hökumətinin bütün bu məsələləri açıq və dostluq dialoqu yolu ilə həll etməyə hazır olduğunu vurğulayıb.


Refernedum zamanı Moskva İrəvandan hansı addımları gözləyir? Ümumiyyətlə Putin Paşinyanla başqa hansı məsələləri müzakirə etmiş ola bilər?


Məsələ ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu Sfera.az-a açıqlama verib. O bildirib ki, telefon danışığı zamanı referendum məsələsinin müzakirə edilməsi təsadüfi deyil:


“Çünki bundan əvvəlki görüşlərdə də Putin birbaşa Paşinyandan Ermənistanın xarici siyasət strategiyasını dəqiqləşdirməsini, yəni ya Avrasiya İqtisadi İttifaqını, ya da Avropa İttifaqını seçməsi məsələsinə aydınlıq gətirməsini istəmişdi. O, bunun ən yaxşı yolunun referendum olduğunu bildirmişdi. Əlbəttə ki, siyasi etika baxımından bir ölkənin liderinin başqa bir ölkənin liderinə hər hansı tövsiyə verməsi, xüsusilə də bunu açıq şəkildə tələb formasında ifadə etməsi nə qədər doğru sayılmasa da, Vladimir Putin bunu etmişdi. Referendum və onun nəticələri Putinə nə üçün lazımdır? Bu, Putinin Ermənistanla münasibətlərdə qəti qərarlar qəbul etməsi üçün lazımdır. Amma məsələnin görünən tərəfi budur. Alt qatda isə görünür ki, Rusiya 7 iyun seçkilərinin revanşını almağa çalışacaq. Yəni referenduma çıxarılacaq məsələlər hansı formada təqdim olunacaq və onların cavabı nə olacaq? Görünür, Putin məhz bu məsələyə təsir göstərməyə çalışacaq. Əgər Ermənistan xalqı Avrasiya İqtisadi İttifaqında qalmağı seçərsə, o zaman Rusiya Paşinyan hakimiyyəti üzərində təzyiqlərini daha da artıracaq. Yox, əgər əksi baş verərsə, Rusiyanın bütün cəhdlərinə baxmayaraq, o zaman Moskva fərqli mövqedən çıxış edəcək. Bu mövqenin nə dərəcədə radikal olacağı və hansı səviyyədə – mülki, iqtisadi, yoxsa hərbi müstəvidə özünü göstərəcəyi hələlik açıq sual olaraq qalır. Çünki bu sualın dəqiq cavabı yalnız referendumdan sonra məlum ola bilər”.


Parlamentari telefon danışığı zamanı digər əsas müzakirə olunan məsələnin konstitusiya mövzusu olduğunu qeyd edib:


“Söhbət Konstitusiyada Azərbaycana qarşı ərazi iddiasını əks etdirən müddəanın referendum vasitəsilə dəyişdirilməsindən gedir. Bu məsələ də Rusiyadakı siyasi elitanı ciddi şəkildə narahat edir. Ona görə də, əgər Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiası çıxarılacaqsa, Putin istəyir ki, bunun fonunda strateji balans yaransın və Ermənistan Avrasiya İqtisadi İttifaqında qalmaq barədə qərar qəbul etsin. Yəni o, bunu bir növ kompensasiya etmək istəyir. Çünki Azərbaycana qarşı ərazi iddiası aradan qaldırılarsa, Ermənistanla Azərbaycan arasında mümkün münaqişə minimum həddə enəcək. Bu halda isə Rusiya Cənubi Qafqazı idarə etmək üçün istifadə etdiyi rıçaqların mühüm hissəsini itirmiş olacaq. Hərbi-siyasi rıçaqlarını itirdikdən sonra isə Rusiya Ermənistanı iqtisadi rıçaq vasitəsilə, yəni onu Avrasiya İqtisadi İttifaqında saxlamaqla idarə etməyə çalışacaq. Məsələnin mahiyyəti bundan ibarətdir”.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR