Konor Makqreqor revanş istəyir: “Son rəqs” üçün tarix verdi

Məşhur irlandiyalı MMA döyüşçüsü Konor Makqreqor Maks Holloueyə qarşı revanş döyüşü keçirmək niyyətindədir.
Sfera.az xəbər verir ki, Makqreqor bildirib ki, bu qarşılaşma onun UFC ilə müqaviləsi çərçivəsində son döyüşü ola bilər. O, "Instagram" hesabında UFC-nin Beynəlxalq Döyüş Həftəsinə (International Fight Week) işarə edərək yazıb:
"Nəsil döyüşü olmalı olan şey indi yenidən başlanacaq. IFW 2027. Son rəqs."
Əgər revanş baş tutarsa, bu, iki idmançının üçüncü qarşılaşması olacaq.
Xatırladaq ki, Makqreqor və Hollouey iyulun 11-də Las-Veqasda keçirilən UFC 329 turnirində üz-üzə gəliblər. Uelter çəkidə baş tutan döyüşdə Hollouey cəmi 69 saniyəyə texniki nokautla qalib gəlib. Makqreqor erkən zərbələrdən birində sağ dizindən zədə alıb və mübarizəni davam etdirə bilməyib.
İdmançılar bundan əvvəl 2013-cü ilin avqustunda qarşılaşıblar. Həmin döyüşdə Makqreqor hakimlərin yekdil qərarı ilə qalib gəlmişdi.
38 yaşlı irlandiyalı döyüşçünün ön çarpaz bağ zədəsi ilə bağlı əməliyyat olunacağı bildirilir. Bu səbəbdən Holloueylə mümkün revanşın uzun müddət sonraya qalacağı gözlənilir.
UFC prezidenti Dana Uayt isə daha əvvəl Makqreqorun təxminən bir il müddətinə döyüşlərdən kənarda qalacağını açıqlayıb.
Qeyd edək ki, Makqreqor uzun fasilədən sonra ilk dəfə iyulun 11-də oktagona çıxmışdı. O, bundan əvvəl son döyüşünü 2021-ci ildə UFC 264 turnirində Dastin Puaryeyə qarşı keçirmiş və texniki nokautla məğlub olmuşdu.
İrlandiyalı son üç döyüşünün hamısında uduzub, son beş qarşılaşmasından isə yalnız birində qalib gəlib.
34 yaşlı Maks Hollouey isə Makqreqora qalib gəlməzdən əvvəl mart ayında keçirilən UFC 326 turnirində Çarlz Oliveyraya hakimlərin yekdil qərarı ilə məğlub olmuşdu. O, son qələbəsi ilə yenidən diqqət mərkəzinə qayıdıb.
İnci
Sfera.az






