2030-cu ildə insanları 1 milyard robot əvəz edəcək? - İlon Maskdan diqqətçəkən proqnoz

Süni intellektin sürətli inkişafı yaxın illərdə əmək bazarını və gündəlik həyatı kökündən dəyişə bilər. Dünyanın ən varlı iş adamlarından biri İlon Mask hesab edir ki, 2030-cu ilə qədər dünyada 1 milyarda yaxın humanoid robot fəaliyyət göstərə bilər və onlar insanların gördüyü işlərin böyük hissəsini öz üzərinə götürəcəklər.
Sfera.az xəbər verir ki, Mask bu fikirləri "The Economist" nəşrinə müsahibəsində səsləndirib. Onun sözlərinə görə, təxminən beş il ərzində süni intellekt bütün bəşəriyyətin ümumi intellekt səviyyəsini üstələyə bilər. Milyarder hesab edir ki, bu dövrdə dünyada ən azı 100 milyon, hətta 1 milyarda qədər insanabənzər robot istehsal ediləcək və onlar əsasən fiziki əməyi əvəz edəcəklər.
Maskın fikrincə, süni intellekt gələcəkdə insanlardan daha yaxşı yerinə yetirə bilməyəcəyi iş demək olar ki, qalmayacaq. O, bunun nəticəsində qlobal iqtisadiyyatın cəmi 5-6 il ərzində iki dəfə böyüyəcəyini proqnozlaşdırır. Milyarder daha əvvəl də bildirmişdi ki, süni intellekt gözlənildiyi kimi inkişaf edərsə, uzunmüddətli pensiya yığımlarının əhəmiyyəti azalacaq.
Onun fikrincə, gələcəkdə insanların mənzil, səhiyyə və digər əsas ehtiyacları yeni iqtisadi model çərçivəsində təmin oluna bilər. Bununla yanaşı, bütün ekspertlər Maskın optimizmini bölüşmür. Enerji tədqiqatçısı Kris Martenson süni intellekt yarışını "Babil qülləsi"nə bənzədərək, texnologiyanın nəzarətsiz inkişafının ciddi risklər yarada biləcəyini bildirib.
Avstraliyalı futuroloq Roki Skopelliti isə hesab edir ki, əsas problem robotların insanları işsiz qoyması deyil, gəlirlərin əməkdən ayrılması və yaradılan sərvətin necə bölüşdürülməsidir. Onun sözlərinə görə, gələcəyin əsas sualı "Süni intellekt insanı əvəz edəcəkmi?" yox, "Robotlar, məlumatlar və süni intellekt kimə məxsus olacaq?" olacaq. Beynəlxalq Valyuta Fondunun hesablamalarına əsasən, dünyadakı iş yerlərinin təxminən 40 faizi süni intellektin təsiri ilə dəyişə bilər. Goldman Sachs isə 300 milyon tamştat iş yerinin avtomatlaşdırma riski altında olduğunu bildirir.
Digər tərəfdən, Dünya İqtisadi Forumu 2030-cu ilə qədər süni intellekt sayəsində 170 milyon yeni iş yerinin yaranacağını, 92 milyon iş yerinin isə ləğv ediləcəyini proqnozlaşdırır. Bu isə ümumilikdə 78 milyon yeni iş yerinin yaranacağı mənasına gəlir.
Firuzə Əliyeva
Sfera.az






