"Hərbi əməliyyatlar bərpa olunacaq” - Tramp

ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqlarla bağlı yeni açıqlama verib.
Sfera.az xəbər verir ki, Tramp bildirib ki, Vaşinqton və Tehran arasında intensiv danışıqlar davam edir. Onun sözlərinə görə, əgər yaxın zamanda müsbət nəticə əldə olunmasa, ABŞ yenidən hərbi əməliyyatlara başlayacaq.
ABŞ-ın Hörmüz boğazı və ətrafında İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar fonunda Tehran da bölgədəki ABŞ hərbi mövqelərinə cavab zərbələrini davam etdirir.
Məlumata görə, ABŞ qüvvələri 13 gecə fasiləsiz davam edən hava hücumlarından sonra İrana yönəlik bombardmanlara müvəqqəti ara versə də bölgədə gərginlik hələ də yüksək olaraq qalır.
Donald Tramp bildirib ki, vasitəçilərin İranla danışıqlara imkan yaradılması ilə bağlı müraciətini qəbul edib:
“İranla dərin danışıqlar aparırıq. Yaxın zamanda nəticə əldə olunmasa, güclü hərbi əməliyyatlara yenidən başlanılacaq.”
ABŞ Prezidenti əlavə edib ki, diplomatik prosesə uzun müddət vaxt ayırmaq niyyətində deyil:
“Diplomatiya ya çox sürətlə irəliləyəcək, ya da ümumiyyətlə irəliləməyəcək. Danışıqların uzanmasına imkan verməyəcəyik.”
Bununla yanaşı, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran üzərində hərbi təzyiqin davam etdiyini açıqlayıb. Bildirilib ki, ABŞ hərbçiləri Oman dənizində üzən bir tankeri helikopter vasitəsilə saxlayaraq göyərtəsində axtarış aparıblar. Həmçinin İran ətrafında tətbiq olunan dəniz blokadasının davam etdiyi vurğulanıb.
Mənsumə






