Səhər yorğun oyanırsınızsa, səbəb bu ola bilər

Səhər yorğun oyanırsınızsa, səbəb bu ola bilər
Kateqoriya məlum deyil
T

Yay aylarında havanın temperaturunun və rütubətin artması yuxu keyfiyyətinə mənfi təsir göstərir. Nəticədə bir çox insan səhərlər dincəlməmiş halda oyanır, gün ərzində isə halsızlıq, yorğunluq və diqqət dağınıqlığı yaşayır.

Sfera.az xəbər verir ki, nevroloq dr. Vüsal Nəcəfəliyev isti və rütubətli mühitin yuxuya getmə müddətini uzatdığını, gecə ərzində oyanmaların sayını artırdığını və dərin yuxu mərhələsini azaltdığını bildirib.

Onun sözlərinə görə, keyfiyyətsiz yuxu diqqət, yaddaş, qərarvermə qabiliyyəti və reflekslərə mənfi təsir göstərərək gündəlik həyatda müxtəlif problemlərə səbəb ola bilər. Mütəxəssis qeyd edib ki, bu vəziyyət çox vaxt sadəcə yay yorğunluğu kimi qiymətləndirilsə də əslində sağlamlıq üçün risklər yarada bilər.

Yay gecələrində kondisioner və ya ventilyatordan istifadə yuxu rahatlığını artırsa da kondisionerin çox aşağı temperaturda işlədilməsi və ya soyuq havanın birbaşa yatağa yönəldilməsi əzələ ağrılarına və boğaz quruluğuna səbəb ola bilər.

Mütəxəssislər yataq otağında temperaturun 22–24 dərəcə arasında saxlanılmasını, həmçinin yatmazdan ən azı bir saat əvvəl telefon və planşet istifadəsinin məhdudlaşdırılmasını tövsiyə edirlər.

Bildirilib ki, isti gecələrdə arabir oyanmaq normal sayılsa da yuxu problemləri həftələrlə davam edərsə gündəlik həyata mənfi təsir göstərərsə və ya güclü xoruldama, yuxuda nəfəsin dayanması, səhər baş ağrısı və gün ərzində yuxululuq kimi əlamətlərlə müşayiət olunarsa mütləq həkimə müraciət etmək lazımdır.

Xüsusilə uşaqlar, yaşlılar və nevroloji xəstəlikləri olan şəxslərin isti havanın mənfi təsirlərinə daha həssas olduğu vurğulanır.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR