Dünyanın ən gözəl sözləri bəlli oldu

Dünyanın məşhur dil öyrənmə platforması “Babbel” 75 dildən 223 sözü əhatə edən geniş araşdırmanın nəticələrini açıqlayıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, araşdırma çərçivəsində dünyanın ən gözəl sözü seçilib.
“Babbel” müxtəlif dillərdə başqa sözlə tam ifadə edilməsi çətin olan anlayışları araşdıraraq xüsusi siyahı hazırlayıb. Siyahı onlayn dil icmaları, eləcə də “Reddit” və “TikTok” kimi platformalardakı paylaşımlar əsasında tərtib olunub.
Dilçilər, yazıçılar və mədəniyyət sahəsində çalışan mütəxəssislərdən ibarət münsiflər heyəti sözləri səslənişi, mənası, mədəni konteksti və özünəməxsus xüsusiyyətlərinə görə qiymətləndirib.
Qiymətləndirmənin nəticəsinə əsasən, Maori dilindəki “kaitiakitanga” sözü dünyanın ən gözəl sözü seçilib. Bu söz torpağın, suyun və bütün canlıların qorunmasını, təbii sərvətlərin yalnız bu gün yaşayan insanlar üçün deyil, gələcək nəsillər naminə də mühafizə olunması anlayışını ifadə edir.
Araşdırmanın 15 sözdən ibarət qısa siyahısında türk dilindəki “yakamoz” sözü də yer alıb. “Babbe”l bu sözü “Ay işığının suyun səthində yaratdığı gümüşü parıltı” kimi izah edib. Söz həm ahəngdar səslənişinə, həm də tək kəlmə ilə güclü vizual təsvir yaratdığına görə seçilib.
Araşdırmada yer alan digər diqqətçəkən sözlər bunlardır:
Ubuntu (Zulu dili) – “Mən varamsa, bu, biz olduğumuz üçündür” fəlsəfəsini ifadə edən, insanın başqaları ilə münasibətləri sayəsində mövcud olduğunu bildirən anlayışdır.
Hiraeth (Uels dili) – İtirilmiş, geridə qalmış və ya bəlkə də heç mövcud olmamış vətənə və zamana duyulan dərin həsrət.
Ikigai (Yapon dili) – İnsanın həyatına məna verən, hər səhər oyanmaq üçün səbəb olan məqsəd.
Kintsugi (Yapon dili) – Sınmış keramikanın çatlarını gizlətmədən qızıl ilə bərpa etmək sənəti.
Saudade (Portuqal dili) – Artıq yanında olmayan insana, məkana və ya keçmişə qarşı hiss edilən kədərli həsrət.
Mamihlapinatapai (Yaghan dili) – Hər iki tərəfin istədiyi halda ilk addımı qarşı tərəfdən gözlədiyi səssiz baxış.
Poronkusema (Fin dili) – Şimal maralının dincəlmədən əvvəl qət edə bildiyi məsafəni ifadə edən ənənəvi ölçü vahidi.
Luftmensch (Yidiş dili) – Gündəlik praktik həyatdan çox düşüncə və xəyalları ilə yaşayan idealist insan.
Ojala (İspan dili) – “Kaş ki” və ya “Ümid edirəm” mənasını verən arzu ifadəsi.
Zephyr (Yunan mənşəli söz) – Yüngül və sərin qərb küləyi.
Araşdırma göstərib ki, bəzi sözlər təkcə mənaları ilə deyil, həm də daşıdıqları mədəni dəyər və ifadə etdikləri hisslərə görə dillərin ən xüsusi ifadələri hesab olunur.
Bəsti Rəfizadə
Sfera.az






