İtaliya demoqrafik böhran yaşayır – 40 faiz azalma var

İtaliya sürətlə dərinləşən demoqrafik böhranla üz-üzədir. Ölkədə doğum səviyyəsinin kəskin azalması, əhalinin qocalması və iqtisadi durğunluq gələcəklə bağlı ciddi narahatlıqlar yaradıb.
Sfera.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşrində dərc olunan məqalədə bildirilib.
Məqalədə qeyd olunub ki, ötən il İtaliyada cəmi 355 min uşaq dünyaya gəlib. Bu, ölkə tarixində qeydə alınan ən aşağı göstəricidir və 2008-ci illə müqayisədə təxminən 40 faiz azalma deməkdir. Eyni dövrdə isə 652 min nəfər vəfat edib.
Beləliklə, ölkədə təbii əhali azalması təxminən 300 min nəfər təşkil edib. Bu isə bir il ərzində Verona böyüklüyündə bir şəhərin əhalisinin yox olması ilə müqayisə olunub.
Hazırda İtaliyada doğum əmsalı 1,14 təşkil edir. Əhalinin orta yaşı isə 49,1 yaşdır ki, bu da ölkəni Avropa İttifaqının ən yaşlı dövləti edib.
Nəşr yazıb ki, demoqrafik problemlər iqtisadiyyata da ciddi təsir göstərir. Belə ki, İtaliya böyük iqtisadiyyatlar arasında real əməkhaqlarının 1990-cı illə müqayisədə daha aşağı olduğu yeganə ölkədir. Avronun dövriyyəyə buraxılmasından sonra adambaşına düşən ÜDM-də də demək olar ki, ciddi artım qeydə alınmayıb.
Bundan başqa, vaxtilə Fiat, Alfa Romeo və Lancia kimi məşhur markaların vətəni olan İtaliyada avtomobil istehsalı 1950-ci illərdən bəri ən aşağı səviyyəyə enib.
Məqalədə vurğulanıb ki, ölkənin vaxtilə qürur mənbəyi olan tekstil, ayaqqabı və mebel istehsalı da böyük ölçüdə Çinin rəqabəti qarşısında mövqeyini itirib. Bir zamanlar dünyada keyfiyyət simvolu sayılan “Made in Italy” məhsullarının istehsalı əvvəlki gücünü qoruyub saxlaya bilməyib.
“The Telegraph” hesab edir ki, işçi qüvvəsinin, ailələrin və vergi ödəyicilərinin sayının azalması İtaliyanın sosial-iqtisadi gələcəyini ciddi risk altına salır. Məqalədə oxşar demoqrafik problemlərin gələcəkdə Böyük Britaniya üçün də təhlükə yarada biləcəyi qeyd olunub.
Bəsti Rəfizadə
Sfera.az






