Süni intellektlə qurulan tələ: Bir əməkdaş 25 milyon dollar itirdi

Süni intellekt texnologiyalarının sürətlə inkişaf etməsi həyatın bir çox sahəsində yeni imkanlar yaratsa da bu yeniliklər kiberdələduzlar tərəfindən də geniş şəkildə istifadə olunmağa başlayıb. Xüsusilə deepfake texnologiyası vasitəsilə hazırlanan saxta görüntü və videoların keyfiyyəti o qədər yüksəlib ki, onları real insanlardan ayırmaq getdikcə çətinləşir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cür saxta görüntülər artıq böyük maliyyə fırıldaqlarında, şəxsiyyət oğurluğunda və onlayn dələduzluq hallarında istifadə olunur.
Sfera.az xəbər verir ki, Honq-Konqda Arup mühəndislik şirkətinin maliyyə əməkdaşı 2024-cü ildə şirkətin rəhbər şəxsləri ilə gizli satınalma məsələsini müzakirə etmək üçün videokonfransa qoşulub. Görüş zamanı hər şey adi görünsə də sonradan məlum olub ki, videokonfransda iştirak edən bütün şəxslər, o cümlədən maliyyə direktoru kimi görünən şəxs süni intellekt vasitəsilə yaradılmış deepfake görüntüləri olub. Əməkdaş buna inanaraq 25 milyon dollar məbləğində ödəniş edib və sonradan dələduzluğun qurbanı olduğunu anlayıb.
Məsləhətçi şirkət Deloitteun 2024-cü il hesabatına görə, generativ süni intellektdən istifadə edilən dələduzluqların təkcə ABŞ iqtisadiyyatına vuracağı ziyanın yaxın dövrdə 40 milyard dollara çatacağı gözlənilir. Bu isə deepfake texnologiyasının artıq qlobal təhlükəyə çevrildiyini göstərir.
Avstraliya Milli Universitetinin (ANU) alimləri tərəfindən aparılan araşdırma isə göstərib ki, xüsusi təlim keçən insanlar süni intellektlə yaradılmış üzləri daha dəqiq müəyyən edə bilirlər. Təlimdən əvvəl iştirakçılar saxta görüntüləri cəmi 41 faiz dəqiqliklə ayırd edə bildiyi halda, təlimdən sonra bu göstərici 81 faizə yüksəlib. Alimlər hesab edirlər ki, vətəndaşların bu sahədə maarifləndirilməsi gələcəkdə deepfake əsaslı dələduzluqların qarşısının alınmasına kömək edə bilər.
Mənsumə






