Həyat üçün planetin ölçüsü mühümdür - Alimlərdən TƏDQİQAT

Yer kürəsindən kənarda həyatın mövcud ola biləcəyi planetlərin axtarışı ilə bağlı aparılan yeni araşdırma maraqlı nəticə ortaya qoyub.
Alimlər müəyyən ediblər ki, uzun müddət atmosferini qoruya bilməyən kiçik qayalı planetlərdə həyatın yaranması ehtimalı olduqca aşağıdır.
Sfera.az xəbər verir ki, ABŞ-nin Kaliforniya Universitetinin (Riversayd) astrobioloqları hazırladıqları yeni model əsasında yaşayış üçün əlverişli planetlərin hansı xüsusiyyətlərə malik olmalı olduğunu araşdırıblar.
Tədqiqatın nəticələri "The Planetary Science Journal" jurnalında dərc olunub. Tədqiqat qrupu "Yerdən kiçik yaşayışa yararlılıq modeli" adlandırılan simulyasiya vasitəsilə Günəşə bənzər ulduzların yaşayış zonasındakı müxtəlif ölçülü qayalı planetləri təhlil edib.
Modeldə iki əsas proses nəzərə alınıb: ulduz küləyi və radiasiyası nəticəsində atmosfer qazlarının kosmosa itməsi, həmçinin vulkanik fəaliyyət hesabına atmosferin yenidən formalaşması. Araşdırmaya əsasən, bir planetin atmosferini milyardlarla il ərzində qoruyub saxlaması üçün onun diametri ən azı Yerin diametrinin 80 faizi qədər olmalıdır. Mars ölçüsündə olan planetlər sərhəd vəziyyətində hesab edilir. Əlverişli şəraitdə onlar atmosferlərini qoruya bilsələr də, bundan kiçik planetlər qazları çox sürətlə itirdiklərinə görə yaşayış üçün əlverişsiz olur. Alimlər bildirirlər ki, kiçik planetlər zəif cazibə qüvvəsinə və daha zəif maqnit sahəsinə malik olur.
Bundan əlavə, onların daxili hissəsi daha sürətlə soyuduğu üçün vulkanik aktivlik dayanır. Nəticədə atmosferdən itən qazların yerini dolduracaq mexanizm zəifləyir və planet atmosferini uzun müddət saxlaya bilmir. Tədqiqatda vurğulanır ki, planetin mantiyasında karbonun çox olması atmosferin qorunması ehtimalını artırır. Çünki karbon qazı ağır olduğundan kosmosa daha çətin çıxır. Həmçinin daha qalın mantiya və radioaktiv elementlərin çoxluğu da atmosferin uzunömürlü olmasına müsbət təsir göstərir.
Alimlər hesab edirlər ki, atmosferini itirmiş bəzi planetlər kometa və asteroidlərin gətirdiyi hidrogen, oksigen və karbon kimi maddələr hesabına sonradan yenidən atmosfer qazana bilər. Mütəxəssislərin fikrincə, yeni model minlərlə ekzoplanet arasında həyat üçün ən perspektivli namizədlərin seçilməsini xeyli asanlaşdıracaq və gələcək kosmik müşahidələrin istiqamətləndirilməsində mühüm rol oynayacaq.
Firuzə Əliyeva
Sfera.az






