Bu, daha çox yeməyə səbəb olur

İş günləri ilə həftəsonu fərqli yuxu rejiminə riayət edən insanlar gün ərzində qəbul etdikləri kalorinin daha böyük hissəsini axşam saatlarında qəbul etməyə meyllidirlər.
Sfera.az xəbər verir ki, bu nəticə "npj Biological Timing and Sleep" jurnalında dərc olunan yeni araşdırmada öz əksini tapıb. Böyük Britaniyada aparılan tədqiqatda 101 sağlam yetkin şəxs iki iş həftəsi və iki həftəsonunu əhatə edən 14 gün ərzində izlənilib. İştirakçılar qəbul etdikləri bütün qida və içkiləri qeyd edib, eyni zamanda yuxu rejimi, fiziki aktivlik, bədən çəkisi, spirtli içki istifadəsi, siqaret vərdişləri və digər həyat tərzi amilləri barədə məlumat təqdim ediblər.
Tədqiqatçılar əsas diqqəti "sosial jetlaq" adlandırılan vəziyyətə yönəldiblər. Bu anlayış insanın bioloji yuxu ritmi ilə iş və ya digər sosial öhdəliklər səbəbindən məcbur qaldığı yuxu cədvəli arasındakı fərqi ifadə edir. İştirakçılar iş və istirahət günləri arasındakı yuxu fərqinin bir saatdan az və ya bir saatdan çox olmasına görə qruplara bölünüblər. Araşdırma göstərib ki, ümumilikdə insanların enerji qəbulu gün ərzində tədricən artır, ən yüksək həddə isə saat 16:00-20:00 arasında çatır. Lakin sosial jetlaqı daha çox olan şəxslər gündəlik kalorilərinin əhəmiyyətli hissəsini gecə saatlarında qəbul edirlər.
Bu əlaqə xüsusilə qadınlarda daha aydın müşahidə olunub. Sosial jetlaqı bir saatdan az olan qadınlar iş günlərində daha çox səhər, həftəsonu isə günortaya yaxın qidalanmağa üstünlük veriblər. Əksinə, yuxu rejimində böyük fərq olan qadınlarda kalori qəbulu daha çox gecə saatlarına keçib. Hesablamalara əsasən, sosial jetlaqın hər əlavə bir saatı iş günlərində axşam saatlarında orta hesabla 62,5 kilokalori artıq qəbul edilməsi ilə əlaqələndirilib. Kişilər arasında iştirakçı sayı az olsa da, oxşar tendensiya qeydə alınıb. Sosial jetlaq az olduqda onlar kalorinin daha çox hissəsini günün erkən saatlarında qəbul ediblər.
Araşdırma müəllifləri bildirirlər ki, sosial jetlaq ümumi qəbul edilən kalori miqdarını artırmır. Əsas dəyişiklik qidanın nə qədər deyil, günün hansı saatında qəbul olunması ilə bağlıdır. Əvvəlki tədqiqatlarda sosial jetlaq piylənmə, metabolik sindrom və ürək-damar xəstəlikləri riskinin artması ilə əlaqələndirildiyi üçün alimlər qidalanma vaxtının da metabolik sağlamlığın qiymətləndirilməsində mühüm amil olduğunu vurğulayırlar. Bununla yanaşı, onlar qeyd edirlər ki, tədqiqatın iştirakçı sayı nisbətən az olub və nəticələrin daha geniş əhali üzərində təsdiqlənməsi üçün əlavə araşdırmalara ehtiyac var.
Firuzə Əliyeva
Sfera.az






