Bu ölkəyə getmək pul qazandıracaq: 1300 manatdan çox...

Bu ölkəyə getmək pul qazandıracaq: 1300 manatdan çox...
Kateqoriya məlum deyil
T

ABŞ ilə İran arasında gərginliyin yenidən artması və bölgədə baş verən raket hücumlarının təsiri Dubayın turizm sektorunda da hiss olunmağa başlayıb.

Turist sayındakı azalmanı kompensasiya etmək üçün Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yeni təşviq proqramına start verib.

Sfera.az xəbər verir ki, “The Guardian” nəşrinin məlumatına əsasən, BƏƏ-nin İqtisadiyyat və Turizm Nazirliyi “Dubai Invite” proqramını istifadəyə verib.


Proqrama əsasən, BƏƏ-də yaşayan şəxslər xaricdən ailə üzvlərini və ya dostlarını Dubaya turist kimi dəvət etdikləri halda 3 min BƏƏ dirhəmi, yəni 1388 manat dəyərində mükafat qazana biləcəklər. Mükafat paketinə oteldə yerləşmə, restoran və əyləncə məkanlarında endirimlər, həmçinin turistik obyektlərə giriş biletləri daxildir.


Qaydalara görə, hər bir rezident 31 oktyabr tarixinədək Dubaya gətirdiyi qonaqlar üçün maksimum üç mükafat paketi əldə edə bilər. Qazanılan üstünlüklərdən isə dekabr ayının sonunadək istifadə etmək mümkündür.
Kampaniyadan yararlanmaq üçün dəvət edilən şəxslərin BƏƏ-dən kənarda yaşaması və etibarlı turist vizasına malik olması şərtdir. Bundan əlavə, hər bir turist sistemdə yalnız bir dəfə qeydiyyata alına bilər.
Hökumətin təşəbbüsünə otellər və turizm obyektləri də qoşulub. Belə ki, bir sıra hotellər 45 faizə qədər endirim, bəziləri isə əlavə pulsuz gecələmə imkanı təqdim edir.


Məlumata görə, kampaniyanın başladığı ilk 48 saat ərzində 10 mindən çox müraciət qeydə alınıb.

Qeyd edək ki, Dubay 2025-ci ildə 19,59 milyondan çox beynəlxalq turist qəbul edərək yeni rekord müəyyənləşdirib. Hətta ötən ilin dekabr ayında şəhər tarixində ilk dəfə bir ay ərzində 2 milyondan çox xarici ziyarətçi qəbul olunub.


Buna baxmayaraq, İranla yaşanan hərbi gərginlik və regionda təhlükəsizlik narahatlıqları səbəbindən son aylarda Dubaya turist marağının azaldığı bildirilir. Şəhər xüsusilə noyabr-mart aylarında keçirilən festivallar, alış-veriş kampaniyaları və əlverişli hava şəraiti ilə turistlərin ən çox üz tutduğu istiqamətlərdən biri hesab olunur.

Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR