Su üzərində YENİ KƏŞF

Suyun qeyri-adi xüsusiyyətlərinin öyrənilməsi istiqamətində mühüm elmi nailiyyət əldə olunub. Yaponiyalı alimlər süni intellektdən istifadə edərək suyun mikroskopik quruluşundakı dəyişiklikləri daha dəqiq təhlil etməyə nail olublar.
Sfera.az xəbər verir ki, Osaka Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmanın nəticələri Communications Chemistry jurnalında dərc olunub. Məlumata görə, su Yer səthində ən geniş yayılmış maye olsa da, digər mayelərdən fərqli olaraq donarkən həcmi artır. Alimlər hesab edirlər ki, bu qeyri-adi xüsusiyyət su molekullarının temperatur və təzyiqdən asılı olaraq fərqli şəkildə təşkil olunması ilə bağlıdır. Araşdırmada süni intellekt modeli istifadə edilərək həddindən artıq soyudulmuş suyun (supersoyudulmuş su) quruluşunu təsvir edən 16 müxtəlif struktur göstəricisi müqayisə edilib. Bunun üçün molekulyar dinamika kompüter simulyasiyalarından əldə olunan məlumatlar neyron şəbəkəyə ötürülüb və model sınaq-səhv üsulu ilə məlumatlardakı qanunauyğunluqları öyrənib.
Mütəxəssislərin sözlərinə görə, su təmiz və hamar qabda 0 dərəcədən aşağı temperaturadək soyudula bilər, lakin kristallaşma mərkəzi olmadıqda dərhal buza çevrilmir. Bu vəziyyət "supersoyuma" adlanır və məhz həmin mərhələdə suyun qeyri-adi xüsusiyyətləri daha qabarıq şəkildə üzə çıxır. Araşdırma zamanı süni intellekt suyun iki fərqli vəziyyəti – yüksək sıxlıqlı maye (HDL) və aşağı sıxlıqlı maye (LDL) arasında keçidi daha dəqiq müəyyən edə bilib. Bu isə suyun anomal davranışının səbəblərini anlamağa imkan yaradır.
Tədqiqatın müəlliflərindən Kanq Kimin sözlərinə görə, əvvəlki araşdırmalar maşın öyrənməsi metodlarının struktur məlumatlarının təhlilində effektiv olduğunu göstərmişdi. Bu dəfə isə məqsəd müxtəlif struktur göstəricilərinin suyun xüsusiyyətlərini nə dərəcədə düzgün əks etdirdiyini qiymətləndirmək olub. Alimlər hesab edirlər ki, əldə olunan nəticələr suyun termodinamik xüsusiyyətlərini daha dərindən anlamağa, onun qeyri-adi davranışının mənşəyini müəyyən etməyə və gələcəkdə daha dəqiq elmi modellərin hazırlanmasına kömək edəcək.
Firuzə Əliyeva
