Bakıdakı bu universitet bağlana bilər - AÇIQLAMA

Bakıdakı bu universitet bağlana bilər - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Xəbər verdiyimiz kimi, Akkreditasiya Şurasının növbəti iclasında Bakı Qızlar Universiteti mənfi rəy alıb.

Belə ki, 7 ali təhsil müəssisəsində aparılmış institusional akkreditasiya və 16 ali təhsil müəssisəsində "İbtidai sinif müəllimliyi" və "Məktəbəqədər təhsil" ixtisasları üzrə proqram akkreditasiyasının nəticələri müzakirə olunub. Naxçıvan Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Aqrar Universiteti və Mingəçevir Dövlət Universiteti növbəti 5 il, Sumqayıt Dövlət Universiteti və Gəncə Dövlət Universiteti isə növbəti 3 il müddətinə institusional akkreditasiya olunmuş hesab edilib.

Bakı Qızlar Universiteti üzrə institusional akkreditasiya qiymətləndirilməsinin yekun nəticəsi "uyğun deyil" olaraq qiymətləndirilib.

Bəs ali təhsil müəssisəsi bağlanacaqmı?

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı danışan təhsil məsələləri üzrə ekspert Vüsal Kərimli bildirib ki, bu qərarın verilməsi hələ müddət alacaq:

“BQU isə ən pis halda 2026-2027 tədris ili üzrə qəbul verilməyəcək. Növbəti illərdə (bu 1-2 il ərzində yenidən instusional akkreditasiya keçiriləcək) qaydalara əsasən isə təhsil müəssisəsinin yenidən təşkili və ləğvi barədə müvafiq qərar verilə bilər”.

Mövzu ilə bağlı danışan təhsil eksperti Adil Vəliyev qeyd edib ki, Bakı Qızlar Universitetinin akkreditasiya qiymətləndirilməsinin "uyğun deyil" olaraq qiymətləndirilməsi, universitetin tam olaraq bağlanması mənasına gəlmir:

“Universitetin çatışmazlıqları aradan qaldırılması üçün müəyyən vaxt verilə bilər və çatışmazlıq aradan qaldırıldıqdan sonra yenidən akkreditasiya aparıla bilər. Akkreditasiyadan keçməyən ixtisaslar üzrə müəyyən müddətə qəbul dayandırıla bilər. Ən sərt halda universitetin gələcək fəaliyyəti ilə bağlı ciddi qərar qəbul oluna bilər. Bu halda universitetdə təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi, müəllim və digər əməkdaşların işlə təmin olunması kimi mühüm məsələlər gündəmə gələcək. Buna görə də hesab edirəm ki, hazırkı mərhələdə universitetin tam fəaliyyətinin dayandırılmasından daha çox, yuxarıda qeyd olunan ilk iki variantdan birinin tətbiq edilməsi daha real görünür”.

Qeyd edək ki, Proqram akkreditasiyası üzrə "İbtidai sinif müəllimliyi" ixtisasında 6 proqram 5 il, 3 proqram 3 il müddətinə akkreditasiya olunub, 4 proqram üzrə isə çatışmazlıqların aradan qaldırılması məqsədilə 2 ildən sonra təkrar akkreditasiya aparılması qərara alınıb. Bakı Qızlar Universitetinin həmin proqramı akkreditasiya olunmuş hesab edilməyib. "Məktəbəqədər təhsil" ixtisası üzrə isə 10 proqram 5 il müddətinə akkreditasiya olunub, 3 proqram üzrə 2 ildən sonra təkrar akkreditasiya keçirilməsi qərara alınıb. Bakı Qızlar Universitetinin bu proqramı da "uyğun deyil" nəticəsi ilə akkreditasiya olunmuş hesab edilməyib.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ