Ronaldo İspaniyaya məğlubiyyətdən sonra göz yaşlarını saxlaya bilmədi

Ronaldo İspaniyaya məğlubiyyətdən sonra göz yaşlarını saxlaya bilmədi
Kateqoriya məlum deyil
T

İspaniya 2026-cı il FIFA Dünya Kubokunun 1/8 final mərhələsində Portuqaliyanı 1:0 hesabı ilə məğlub edərək dörddəbir finala yüksəlib.

Sfera.az xəbər verir ki, Dallasdakı AT&T Stadionunda keçirilən qarşılaşmada vurulan yeganə qol İspaniyaya qələbə və növbəti mərhələyə vəsiqə qazandırıb.

Matçın final fitindən sonra Portuqaliya millisinin ulduzu Kriştiano Ronaldo emosiyalarını cilovlaya bilməyib. 41 yaşlı futbolçu göz yaşlarına hakim ola bilməyib və komanda yoldaşları tərəfindən təsəlli tapıb.

Turnirdən əvvəl bunun son Dünya Kuboku olacağını açıqlayan Ronaldo üçün bu məğlubiyyət mundial karyerasının sonu kimi yadda qalıb. Altı Dünya Kubokunda iştirak edən portuqaliyalı ulduzun kubok arzusuna vida etməsi duyğulu anlarla müşayiət olunub.

Oyundan sonra jurnalistlərə açıqlama verən Ronaldo milli komandadakı gələcəyi ilə bağlı qərar verməyə tələsməyəcəyini bildirib.

“Milli komandadakı gələcəyim barədə indi heç nə deməyəcəyəm. Qərarları tələsik vermirəm. Hazırda əsas məsələ Dünya Kubokundan bu cür ayrılmağımızdır. Hər şeyi etdim, əlimdən gələni verdim. Vicdanım rahatdır. Bəli, bu, mənim son Dünya Kuboku idi”, – deyə Ronaldo vurğulayıb.

Təcrübəli hücumçu milli komanda üçün hər zaman maksimumunu ortaya qoyduğunu da qeyd edib:

“Vicdanım təmizdir. Əlimdən gələni etdim. Portuqaliya ilə üç titul qazandım. Məndən əvvəl ölkəmiz belə uğurlar yaşamamışdı. Avro-2016 mənim üçün Dünya Kuboku qədər dəyərlidir. Sabah yeni bir gün başlayacaq və həyat davam edəcək”, – deyə o əlavə edib.

Mənsumə

Sfera.az

PAYLAŞ