İran ordusunun komandanından ABŞ və İsrailə sərt mesaj

İran ordusunun komandanından ABŞ və İsrailə sərt mesaj
Kateqoriya məlum deyil
T

İran Silahlı Qüvvələrinin baş komandanı general-mayor Əmir Hatəmi ABŞ və İsrailə qarşı sərt bəyanatla çıxış edib. O, İran dövlət televiziyasına müsahibəsində bildirib ki, ölkənin təhlükəsizliyi və milli maraqlarının qorunması İran Silahlı Qüvvələrinin əsas prioritetlərindən biridir.

Sfera.az xəbər verir ki, Hatəmi son hadisələrin İran xalqının və ordusunun iradəsini zəiflətmədiyini, əksinə, daha da möhkəmləndirdiyini deyib. Onun sözlərinə görə, İran Silahlı Qüvvələri ölkəyə qarşı yönələn istənilən təhdidə cavab verməyə hazırdır.

“Bu şəhidlik, şübhəsiz ki, qətiyyətimizi daha da gücləndirib. İran xalqının düşmənləri, qatil ABŞ və İsrail bilməlidir ki, biz bütün şəhidlərimizin qisasını alacağıq”, – deyə general vurğulayıb.

Hatəmi bu fikirləri Tehranda keçirilən rəsmi anım mərasimində səsləndirib. O bildirib ki, İran Silahlı Qüvvələri ölkənin suverenliyinin və ərazi bütövlüyünün qorunması istiqamətində bütün imkanlarını səfərbər edib. General əlavə edib ki, xarici təzyiqlər və təhdidlər İranın mövqeyini dəyişməyəcək.

İranlı komandir çıxışında regionda davam edən gərginliyə də toxunaraq bildirib ki, Tehran öz təhlükəsizliyinə qarşı atılan heç bir addımı cavabsız qoymayacaq. O, İranın müdafiə qabiliyyətinin yüksək səviyyədə olduğunu və Silahlı Qüvvələrin istənilən ssenariyə hazır vəziyyətdə fəaliyyət göstərdiyini qeyd edib.

Son aylarda Yaxın Şərqdə yaşanan hadisələr fonunda İran rəsmilərinin ABŞ və İsrailə ünvanladıqları sərt bəyanatlar daha da intensivləşib. Tehran dəfələrlə bəyan edib ki, ölkənin maraqlarına və təhlükəsizliyinə qarşı yönələn hər hansı hücum və ya təxribat adekvat cavabla qarşılanacaq.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə və bəzi platformalarda İranın ali rəhbəri Əli Xamenei ilə bağlı müxtəlif iddialar yayılsa da onun öldüyünə dair məlumat rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.

Mənsumə

Sfera.az

PAYLAŞ