Dəniz suyu elektrik olmadan içməli suya çeviriləcək – Çindən ixtira

Dəniz suyu elektrik olmadan içməli suya çeviriləcək – Çindən ixtira
Kateqoriya məlum deyil
T

Çinli alimlər elektrik enerjisinə ehtiyac olmadan dəniz suyunu şirin suya çevirə bilən yeni texnologiya hazırlayıblar. Yeni sistem günəş enerjisindən istifadə edərək duzlu suyun təmizlənməsini həyata keçirir və gələcəkdə su qıtlığı yaşayan bölgələr üçün mühüm həll yolu ola bilər.

Sfera.az xəbər verir ki, araşdırmaçılar günəş enerjisini udaraq suyun buxarlanmasını təmin edən üçölçülü fototermal materialın tərkibinə xüsusi üsulla nanopartikullar yerləşdiriblər.

Bu material günəş şüalarını daha yaxşı qəbul edir və dəniz suyunun buxarlanaraq duzdan ayrılmasına imkan yaradır.

Aparılan sınaqlar zamanı yeni materialın günəş enerjisini udma qabiliyyətinin 90,2 faizə çatdığı müəyyən edilib. Eyni zamanda dəniz suyunun buxarlandırılması üçün tələb olunan enerji sərfiyyatının 45,7 faiz azaldığı açıqlanıb.

Sistem heç bir xarici enerji mənbəyinə qoşulmadan, yalnız təbii günəş işığından istifadə etməklə dəniz suyunu içməli suya çevirməyi bacarıb. Kiçik miqyaslı sınaqlarda əldə olunan suyun 5 kvadratmetrlik kənd təsərrüfatı sahəsini tam əkin dövrü ərzində suvarmağa kifayət etdiyi bildirilib.

Alimlər hesab edirlər ki, yaxın iki il ərzində bu texnologiyanın tətbiqi ilə su istehsalının qiyməti qablaşdırılmış sudan belə daha ucuz ola bilər. Yeni üsul xüsusilə elektrik imkanlarının məhdud olduğu bölgələrdə su çatışmazlığına qarşı ekoloji və aşağı xərcli alternativ kimi qiymətləndirilib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ