Okeanın ortasında qeyri-adi həyat - FOTOlar

Sakit okeanda yerləşən və Kuk adalarına bağlı olan Palmerston adası qeyri-adi həyat tərzi ilə diqqət çəkir. Cəmi 62 nəfərin yaşadığı adada sakinlərin demək olar ki, hamısı XIX əsrdə buraya köçən eyni şəxsin nəslindən gəlir.
Sfera.az xəbər verir ki, Palmerston adasının tarixi 1883-cü ildə ingilis səyyahı Uilyam Marstersin burada məskunlaşması ilə başlayıb. O, polineziyalı həyat yoldaşları ilə birlikdə adada böyük bir ailənin əsasını qoyub. Bu gün ada əhalisi həmin nəslin davamçılarıdır.

Adada maraqlı qaydalar da mövcuddur. Eyni ailə qolundan olan şəxslərin evlənməsinə icazə verilmir. Bu ənənə uzun illərdir qorunur və icma daxilində nizamın saxlanmasına xidmət edir.

Palmerstonda hava limanı, bank və mağaza yoxdur. Əsas ehtiyaclar ildə cəmi bir neçə dəfə adaya gələn yük gəmiləri vasitəsilə qarşılanır. Burada əsas gəlir mənbəyi isə dondurulmuş tutuquşu balığının ixracıdır.

Adaya səfər etmək də asan deyil. Buraya yalnız dəniz yolu ilə çatmaq mümkündür və yerli ailələrdən biri qonağı qəbul etmədən heç kəsin sahilə çıxmasına icazə verilmir.

Sakinlər elektrik enerjisini əsasən günəş panelləri ilə təmin edir, boş vaxtlarında voleybol oynayır və dini ənənələrə sadiq qalırlar. Təbii fəlakətlərə baxmayaraq, Palmerston adası bu gün də özünəməxsus həyat tərzini qoruyub saxlayır.
Mənsumə
