Niyə kişilər qadınlardan daha tez vəfat edir? - Səbəblər

Kişilərin qadınlarla müqayisədə daha erkən yaşda həyatını itirməsi təkcə bioloji amillərlə deyil, həm də cəmiyyətin onlardan gözləntiləri ilə əlaqələndirilir. Mütəxəssislər bildirirlər ki, “güclü görünmək” istəyi, sağlamlıq problemlərini gizlətmək və həkimə gec müraciət etmək kişilərin sağlamlığı üçün ciddi risk yaradır.
Sfera.az xəbər verir ki, BBC-nin məlumatına görə, kişilər qadınlarla müqayisədə tibbi yardıma daha gec müraciət edir və xəstəlik əlamətlərini çox vaxt görməzlikdən gəlirlər. Bu isə ürək-damar xəstəlikləri, ağciyər xərçəngi, qaraciyər xəstəlikləri və psixi sağlamlıq problemləri səbəbindən erkən ölüm riskini artırır. Araşdırmalara əsasən, kişilərin orta ömür uzunluğu qadınlardan təxminən dörd il azdır.
Mütəxəssislərin sözlərinə görə, “kişi hər çətinliyə dözməlidir” kimi stereotiplər onların vaxtında tibbi müayinədən keçməsinə mane olur. Bir çox kişi uzun illər həkimə müraciət etmir və sağlamlıqla bağlı problemləri zəiflik əlaməti kimi qiymətləndirərək gizlədir.
Araşdırmada yoxsulluğun da kişilərin sağlamlığına ciddi təsir göstərdiyi vurğulanır. Maddi çətinliklər, ağır iş şəraiti, işsizlik qorxusu və ailə problemləri həm fiziki, həm də psixi sağlamlığı mənfi təsirləndirir. Buna baxmayaraq, kişilər psixoloji dəstək xidmətlərindən qadınlara nisbətən daha az istifadə edirlər.
Ekspertlər hesab edirlər ki, kişilərin sağlamlıq savadlılığının artırılması, müntəzəm tibbi müayinələrə cəlb olunması və psixoloji yardıma müraciətin təşviq edilməsi erkən ölümlərin azalmasına mühüm töhfə verə bilər.
Mənsumə
