Yüksək bal üçün telefondan imtina mütləqdir? - Ekspertdən AÇIQLAMA

Yüksək bal üçün telefondan imtina mütləqdir? - Ekspertdən AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Hər il qəbul imtahanlarında maksimum nəticə göstərən, yüksək balları ilə gündəmə gələn şagirdlərin müsahibələrində ən çox eşitdiyimiz təkrarolunmaz bir cümlə var: "Mənim smartfonum yox idi" və ya "İmtahana hazırlıq dövründə telefondan tamamilə imtina etdim". Bu ifadə artıq ölkədə bir növ "uğur formulu" kimi qəbul edilməyə başlanıb.

Bəs həqiqətənmi yüksək bal toplamağın yeganə və mütləq yolu texnologiyadan, sosial şəbəkələrdən uzaqlaşmaqdır?

Məsələ ilə bağlı Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Sfera.az-a açıqlama verib.

Onun fikrincə, bu məsələyə bir qədər balanslı yanaşmaq lazımdır:

“Doğrudur, yüksək nəticə göstərən bəzi abituriyentlər telefondan və sosial şəbəkələrdən uzaq durduqlarını bildirirlər. Lakin bu o demək deyil ki, uğurun əsas sirri məhz smartfondan imtina etməkdir. Əslində burada əsas amil telefonun olub-olmaması deyil, vaxtın düzgün idarə olunması, diqqətin məqsədə yönəldilməsi və intizamdır. Təəssüf ki, bu cür açıqlamalar bəzən digər şagirdlərdə yanlış təsəvvür yaradır. Elə düşünürlər ki, yüksək nəticə əldə etmək üçün mütləq telefonu kənara qoymalı, texnologiyadan tamamilə imtina etməlidirlər. Halbuki bu gün texnologiya düzgün istifadə edildikdə tədrisin vacib alətlərindən biridir. Onlayn sınaqlar, video dərslər, elektron resurslar və müxtəlif təhsil platformaları minlərlə şagirdin hazırlıq prosesinə ciddi dəstək verir”.

Ekspertin sözlərinə əsasən, uğurun formulunu bir cümləyə sığışdırmaq doğru deyil:

“Hər şagirdin öyrənmə tərzi fərqlidir. Kimsə üçün sosial şəbəkələrdən uzaqlaşmaq faydalı ola bilər, digər bir şagird isə texnologiyadan səmərəli istifadə etməklə yüksək nəticə göstərə bilər. Ona görə də “telefonum yox idi, ona görə uğur qazandım” mesajı əvəzinə, “vaxtımı düzgün planlaşdırdım, məqsədimə fokuslandım və davamlı çalışdım” mesajının verilməsi daha doğru olardı. Ən vacibi odur ki, biz gənclərə texnologiyadan qorxmağı deyil, ondan düzgün istifadə etməyi öyrədək. Çünki gələcəyin təhsili də, peşələri də texnologiya ilə sıx bağlıdır. Uğurun açarı telefonsuz qalmaq deyil, diqqəti yayındıran amilləri idarə edə bilməkdir. Bu bacarığı qazanan şagird istər smartfonla, istərsə də smartfonsuz uğur əldə edə bilər”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ