Logo

İstilik mövsümündə bu səhvlərə yol verməyin - XƏBƏRDARLIQ

İstilik mövsümündə bu səhvlərə yol verməyin - XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İstilik mövsümünün başlaması ilə mənzillərdə havanın rütubəti azalır. Bu isə burun və göz selikli qişasının qurumasına, qıcıqlanmaya və digər narahatlıqlara səbəb ola bilər.

Sfera.az xəbər verir ki, həkim Karina Kinyayeva “Lenta.ru”ya açıqlamasında mənzillərdə optimal hava rütubətinin 40-60 faiz arasında olmasının vacibliyini bildirib.

Onun sözlərinə görə, hava quruduqda burunda qoruyucu seliyin miqdarı azalır, quruluq, yanma, tutulma, eləcə də gözlərdə qıcıqlanma yaranır.

Həkim bu problemlə mübarizədə yol verilən əsas səhvlərdən birinin burun tutulmasını aradan qaldırmaq üçün damar daraldıcı damcı və spreylərdən istifadə olduğunu deyib. Belə preparatlar selikli qişanın şişkinliyini azaltsa da, onu nəmləndirmir. Uzun müddət istifadə edildikdə isə burun tutulması yenidən qayıda və daha da güclənə bilər. Nəticədə dərman mənşəli rinit inkişaf edə bilər.

Mütəxəssis burun selikli qişasını nəmləndirmək üçün duzlu məhlullardan istifadəni tövsiyə edib. Bununla belə, adi duzlu sprey ilə burunun çox miqdarda maye vasitəsilə yuyulmasının fərqli prosedurlar olduğunu vurğulayıb. Burun yuyularkən kran suyundan istifadə edilməməlidir. Bu məqsədlə steril, distillə edilmiş və ya əvvəlcədən qaynadılıb soyudulmuş su seçilməlidir.

Həkim bildirib ki, kran suyunda sərbəst yaşayan bəzi amöblər, o cümlədən Naegleria fowleri və Acanthamoeba mövcud ola bilər. Bu mikroorqanizmlər su burun yollarına daxil olduqda, çox nadir hallarda ağır infeksiyalara səbəb ola bilər.

Göz quruluğu zamanı da ilk rast gəlinən damcılardan istifadə etmək düzgün deyil. Bəzi “qızarmış gözlərə qarşı” damcıların tərkibində damar daraldıcı maddələr olur. Onlar qızartını müvəqqəti azaltsa da, təsiri bitdikdən sonra problem daha güclü şəkildə geri qayıda bilər. Belə hallarda süni göz yaşı adlanan nəmləndirici damcılardan istifadə olunur. Onlardan tez-tez istifadə edənlər isə tərkibindəki konservantlara diqqət yetirməlidirlər.

Kinyayeva məişət nəmləndiricilərinin də düzgün qulluq edilmədikdə sağlamlıq üçün risk yarada biləcəyini qeyd edib. Cihazın daxilində və suyunda mikroorqanizmlər çoxala, daha sonra aerozolla birlikdə havaya yayıla bilər. Buna görə su mütəmadi dəyişdirilməli, cihaz istehsalçının təlimatına uyğun yuyulub qurudulmalıdır.

Eyni zamanda, otaqda rütubəti həddindən artıq artırmaq da məsləhət görülmür. Daimi nəmlik kif göbələklərinin və ev tozu gənələrinin çoxalmasına şərait yarada bilər.

Həkimin sözlərinə görə, quru hava ilə mübarizədə otağı mütəmadi havalandırmaq, nəm təmizlik aparmaq və rütubət səviyyəsinə nəzarət etmək vacibdir. Bu tədbirlərdən sonra belə burun tutulması, asqırma, qaşınma, göz yaşarması və qıcıqlanma davam edərsə, səbəb allergik rinit və ya konyunktivit kimi başqa problemlər də ola bilər.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR