Logo

BMW-nin mənfəəti azaldı: Şirkət ikinci dəfə proqnozunu aşağı saldı

BMW-nin mənfəəti azaldı: Şirkət ikinci dəfə proqnozunu aşağı saldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Almaniyanın avtomobil istehsalçısı BMW-nin mənfəəti Çin şirkətlərinin artan rəqabəti və yenidənqurma xərcləri fonunda azalıb. Şirkət bu il ikinci dəfə maliyyə proqnozunu aşağı salaraq avtomobil bölməsinin gəlirliliyinin kəskin zəifləyəcəyini açıqlayıb.

Sfera.az xəbər verir ki, “Euronews”un məlumatına görə, BMW-nin üçüncü rübdə vergidən əvvəlki mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz azalıb.

Şirkətin xalis mənfəəti təxminən 15 faiz geriləyərək 1,45 milyard avro təşkil edib. Gəlirlər isə 6 faizə yaxın azalaraq 30,45 milyard avroya düşüb.

BMW çərşənbə axşamı yaydığı son xəbərdarlıqda bildirmişdi ki, yenidənqurma ilə bağlı xərclər, o cümlədən Almaniyadakı 8 min iş yerinin ixtisarı avtomobil bölməsinin illik fəaliyyət nəticəsini zərərə sala bilər.

Üçüncü rübdə avtomobil bölməsinin əməliyyat mənfəət marjası 3,4 faizə enib. Halbuki ötən ilin eyni dövründə bu göstərici 5,2 faiz olub.

Şirkət əvvəlki proqnozunda avtomobil bölməsinin illik əməliyyat mənfəət marjasının 1-3 faiz arasında olacağını gözləyirdi. Yeni proqnoza əsasən, bu göstərici mənfi 0,5 faizlə müsbət 0,5 faiz arasında dəyişə bilər. Bu isə avtomobil biznesinin ilin yekununda demək olar ki, zərərsiz işləyəcəyi və ya cüzi zərər göstərəcəyi anlamına gəlir.

BMW-nin baş icraçı direktoru Milan Nedeljkoviç bildirib ki, avtomobil sənayesindəki mövcud vəziyyət qətiyyətli qərarlar və struktur dəyişikliklərinin sürətlə həyata keçirilməsini tələb edir. Onun sözlərinə görə, şirkət bu tədbirləri daha da gücləndirəcək.

Çin istehsalçılarının daha ucuz və texnoloji baxımdan inkişaf etmiş avtomobillərlə bazara çıxması Almaniya şirkətlərinin mövqelərini zəiflədir. BMW ilə yanaşı, Mercedes-Benz və Volkswagen də xərcləri azaltmaq məqsədilə iş yerlərini ixtisar edir. Çinli rəqiblər Almaniya istehsalçılarını Çin bazarında sıxışdırmaqla yanaşı, Avropaya ixracı da artırırlar.

BMW-nin məlumatına görə, şirkətin Çində avtomobil tədarükü üçüncü rübdə 24,8 faiz azalıb. Ötən il də 2017-ci ildən bəri ən aşağı səviyyəyə düşən satışlar bu dəfə daha da geriləyib. Çin bazarındakı azalma şirkətin qlobal avtomobil tədarükünün 6,3 faiz azalmasına səbəb olub. Bunun əksinə olaraq, Avropada tədarük 2,6 faiz, ABŞ-da isə 2,5 faiz artıb.

BMW, həmçinin Çin bazarında mövqelərini bərpa etmək üçün həmin ölkədə istehsal olunan avtomobillərin təchizat zəncirinin daha böyük hissəsini yerli bazara köçürməyi planlaşdırır.

Qeyd edək ki, BMW qrupu BMW markası ilə yanaşı, Mini və Rolls-Royce avtomobil brendlərini də əhatə edir.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR