“İrana qarşı koalisiya genişlənəcək” - AÇIQLAMA

"İrana qarşı koalisiya genişlənəcək" - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Hazırda İran, İsrail və ABŞ arasında hərbi gərginlik davam edir. İlk gün baş verən hücumlar zamanı İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei də öldürülüb. Gözlənilir ki, Xameneinin ölümündən sonra İran güzəştə getməyə məcbur olacaq. Amma hələlik İranın geri çəkilməsi müşahidə edilmir.  


Politoloq Əli Mustafa Sfera.az-a açıqlamasında Əl Xameneinin öldürülməsinin İranda ciddi sarsıntıya səbəb olduğunu deyib.


Onun sözlərinə görə, bu hadisədən sonra İranın hərbi və siyasi rəhbərliyi bir qədər qəzəblənib:


“Xalq kütləsinə gəldikdə isə orada həm narahat olanlar, qəzəblənənlər, yasa batanlar var, məmnun olanlar, həm də bu hadisəyə fərqli ovqatda yanaşanlar mövcuddur. Ümumiyyətlə, İran cəmiyyəti çox rəngarəng və olduqca mürəkkəb sosial-siyasi struktura malikdir. Ona görə də bu birmənalı deyil. Ali liderin öldürülməsi cəmiyyətin bir hissəsində ruh düşkünlüyü, bir hissəsində qəzəb və intiqam hissi, digər bir hissəsində isə məmnunluq yaradıb. Bu emosiyaların isə bir neçə gün ərzində müəyyən qədər səngiyəcəyi gözlənilir. Ondan sonra vəziyyət daha aydın şəkildə görünə bilər. Hazırkı rəhbərlikdən sonra formalaşacaq yeni rəhbərliyin də hələlik daha sərt və radikal mövqedə olması ehtimal edilir. Xüsusilə yeni dini lider olan Ayətullah Əlirza Ərafinin açıqlamaları kifayət qədər sərtdir". 

 

Politoloq vurğulayıb ki, bu, baş verən hadisələrin fonunda başadüşüləndir. Onun fikrincə, sosial-psixoloji ovqat hələlik elədir ki, fərqli mövqe nümayiş etdirmək çətindir:

 

"Zaman keçdikcə emosiyalar səngiyə və daha praqmatik yanaşma formalaşa bilər. O zaman İran rəhbərliyi bu savaşın ölkə üçün hansı ağır fəsadlara yol aça biləcəyini daha dərindən dərk edərək atəşkəs istiqamətində addımlar ata bilər". 

 

Ə.Mustafa artıq bu yöndə əlamətlərin olduğunu söyləyib:

 

"Bildirilir ki, artıq indidən bu yöndə müəyyən mesajlar var. Trampın açıqlamasından da belə məlum oldu ki, İran rəhbərliyində bəzi şəxslər danışıqlar masasına qayıtmağı təklif edir. Bu, Xarici İşlər naziri ola bilər, həmçinin Əli Laricaninin adı da hallanır. Bir formada Oman üzərindən müəyyən mesajlar göndərilib. Anlaşılır ki, prezident də danışıqlarda maraqlı ola bilər. Sadəcə olaraq, emosiyaların yatışmasına ehtiyac var. Üstəlik, hər gün vəziyyət və güc balansı dəyişir. SEPAH generalları demək olar ki, sürətlə sıradan çıxarılır. Bu isə sərt mövqenin tərəfdarlarının zaman keçdikcə zəifləyə biləcəyini göstərir və nəticədə atəşkəs danışıqlarının vacibliyi daha çox ön plana çıxa bilər. Müəyyən müddətdən sonra bu çağırışların daha açıq səslənəcəyi ehtimal olunur. Hazırda isə vəziyyət kifayət qədər qarışıqdır. Psixoloji ovqat həm rəhbərlikdə, həm də əhali arasında daha çox qisas almağa və qarşı tərəfi zəiflətməyə yönəlib. Eyni zamanda, İran tərəfi Amerikanın bazalarının yerləşdiyi ölkələrə zərbələr endirir. Ola bilsin ki, bu addımlarla ABŞ-ni geri çəkilməyə və danışıqlara məcbur etməyi düşünürlər".


Politoloq İranın cavab zərbələrinin region ölkələrinin də mövqeyinə təsir etdiyini qeyd edib:


“Xüsusilə Körfəz ölkələrində İrana qarşı daha sərt mövqe formalaşdığı müşahidə olunur. Bu isə müəyyən nəticələr doğura bilər. Proses bu şəkildə davam edərsə, İrana qarşı daha geniş bir koalisiyanın yaranması ehtimalı da istisna deyil. ABŞ və İsrailin sıralarının genişlənməsi mümkündür. Çünki regionda hədəfə alınan bazalar təkcə ABŞ-yə aid deyil; Böyük Britaniya və Fransanın da müəyyən hərbi obyektləri mövcuddur. Əgər onlar da hədəfə çevrilərsə, bu ölkələrin də İrana qarşı daha sərt mövqe sərgiləməsi qaçılmaz ola bilər. Beləliklə, prosesin bu istiqamətdə davamı müharibənin daha geniş regiona yayılması və qarşıdurmanın sərtləşməsi riskini artırır. Bununla yanaşı, İrana qarşı koalisiyanın güclənməsi ehtimalı da mövcuddur. Hər halda, İran rəhbərliyinin müəyyən mərhələdə bu riskləri nəzərə alaraq atəşkəs məsələsini gündəmə gətirəcəyi gözlənilir. Qərarın isə əsasən ABŞ tərəfindən,  Prezident Donald Tramp tərəfindən veriləcəyi ehtimal olunur. Bildirilir ki, Tramp artıq İran tərəfindən müəyyən danışıqlar təkliflərinin olduğunu açıqlayıb. Ola bilsin ki, bu təkliflər hələlik zəif səslə deyilir. Lakin dağıntıların miqyası artdıqca bu çağırışların daha da güclənəcəyi istisna deyil. İran tərəfi danışıqların müharibədən daha doğru və rasional yol olduğunu qəbul etdikdən sonra, çox güman ki, bu istiqamətdə daha açıq addımlar atacaq”.


Fidan Hacızadə
Sfera.az

 

PAYLAŞ