Logo

Bu göbələklərdən uzaq durun - EKSPERTDƏN XƏBƏRDARLIQ

Bu göbələklərdən uzaq durun - EKSPERTDƏN XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Son dövrlərdə marketlərdə və səyyar satıcılarda müxtəlif növ göbələklərin satışına rast gəlinir. Lakin göbələklərin mənşəyinin və saxlanma şəraitinin məlum olmaması istehlakçıların sağlamlığı üçün ciddi təhlükə yarada bilər.

Xüsusilə zəhərli göbələklərin yeməli növlərlə oxşarlığı alıcıların seçim zamanı yanılmasına və ağır zəhərlənmə hallarına səbəb ola bilər.

Bəs vətəndaşlar market və səyyar satıcılardan göbələk alarkən nələrə diqqət etməlidirlər? Zəhərli və yeməli göbələkləri bir-birindən ayırmaq mümkündürmü? Hansı göbələk növləri istehlak üçün təhlükəsiz hesab olunur?

Qida eksperti Fərid Səfərov Sfera.az-a açıqlamasında bildirib ki, göbələk alarkən ilk növbədə onun mənşəyinə, saxlanma şəraitinə və satış yerinin etibarlılığına diqqət yetirilməlidir.

Ekspertin sözlərinə görə, marketlərdən göbələk alarkən qablaşdırmanın son istifadə tarixi mütləq yoxlanılmalıdır:

Bu göbələklərdən uzaq durun - EKSPERTDƏN XƏBƏRDARLIQ

“Marketlərdən göbələk alarkən qablaşdırmanın bütövlüyü, istehsalçı və mənşə məlumatları, eləcə də son istifadə tarixi mütləq yoxlanılmalıdır. Göbələklər soyuducu temperaturunda saxlanılmalı, üzərində kif, selik, çürümə və ya həddindən artıq yumşalma əlamətləri olmamalıdır. Səyyar satıcılardan, xüsusilə təbiətdən toplanmış və mənşəyi məlum olmayan göbələkləri almaq məsləhət deyil. Çünki zəhərli və yeməli göbələklərin bir çoxu xarici görünüşünə görə bir-birinə çox bənzəyir. Onları yalnız rənginə, formasına, qoxusuna və ya papağının quruluşuna əsasən etibarlı şəkildə ayırmaq mümkün deyil. Xalq arasında istifadə edilən gümüş qaşıqla yoxlama, soğanla bişirmə və ya həşəratların yeyib-yeməməsinə əsaslanan üsullar da elmi cəhətdən etibarlı deyil”.

F.Səfərov qeyd edib ki, ən çox istehlak olunan yeməli göbələk növləri arasında şampinyon, istridyə göbələyi (veşenka) və şitake yer alır:

“Ən çox istehlak olunan yeməli göbələk növləri arasında şampinyon, istridyə göbələyi (veşenka) və şitake yer alır. Bu göbələklər nəzarətli şəraitdə yetişdirildikdə istehlak üçün yararlı hesab olunur. Lakin onların təhlükəsizliyi düzgün yetişdirilməsindən, saxlanılmasından və hazırlanmasından asılıdır. Təbiətdən toplanmış göbələklər isə yalnız növü mütəxəssis tərəfindən dəqiq müəyyən edildikdə istehlak olunmalıdır”.

Ekspert zəhərli göbələklərin bişirildikdən sonra da təhlükəli ola biləcəyini vurğulayıb: “Zəhərli göbələklərin tərkibindəki toksinlərin bir çoxu yüksək temperaturda bişirməklə məhv olmur. Buna görə də şübhəli göbələyi qaynatmaq, qızartmaq və ya qurutmaq onu təhlükəsiz etmir. Göbələyin mənşəyinə şübhə varsa, onu istehlak etməmək ən doğru seçimdir. Göbələk qəbulundan sonra ürəkbulanma, qusma, qarın ağrısı və ishal kimi əlamətlər yaranarsa, dərhal tibbi yardıma müraciət edilməlidir. Bəzi zəhərlənmələrdə simptomlar gecikə bildiyindən gözləmək təhlükəlidir”.

Şahanə Ziyad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR