Logo

Ananaslı pizza qalmaqalı: Etiraz edən aşpaz işdən çıxarıldı

Ananaslı pizza qalmaqalı: Etiraz edən aşpaz işdən çıxarıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avstraliyanın Brisben şəhərində italyan aşpaz ananaslı pizza hazırlamaqdan imtina etdiyinə görə işini itirib. Aşpaz bu məhsulun pizzaya əlavə edilməsini öz mədəniyyətinə hörmətsizlik kimi qiymətləndirib.

Sfera.az xəbər verir ki, Brisbendə yerləşən “La Costa” restoranının baş aşpazı Davide Tamburella may ayında rəhbərliklə yaşanan fikir ayrılıqları və iş yerindəki narazılıqlar səbəbindən işdən azad edilib.

Hadisə restoranın təşkil etdiyi tədbirlərdən birində qonaqlara vetçina və ananaslı pizza təqdim etmək tələbi ilə başlayıb. İtalyan aşpaz bu sifarişi yerinə yetirməkdən imtina edərək belə göstərişlərin öz mədəniyyətinə hörmətsizlik olduğunu bildirib.

Avstraliyanın Ədalətli Əmək Komissiyasına haqsız işdən çıxarılma iddiası ilə müraciət edən Tamburellanın işi ilə bağlı araşdırma zamanı onun son dörd il ərzində pizzaya ananas əlavə etməkdən üç dəfə imtina etdiyi məlum olub.

Məhkəmə sənədlərində aşpazın rəhbərinə italyanlar üçün pizzaya ananas əlavə etməməyin nə dərəcədə vacib olduğunu araşdırmağı tövsiyə etdiyi də qeyd olunub.

Maraqlıdır ki, restoranın yerləşdiyi Kvinslend ştatı Avstraliyanın əsas ananas istehsalı mərkəzi hesab olunur. Bölgənin turistik simvollarından biri də 16 metr hündürlüyündəki nəhəng “The Big Pineapple” ananas maketidir. Bununla belə, komissiyanın qərarında aşpazın işdən çıxarılmasının təkcə ananaslı pizza mübahisəsi ilə bağlı olmadığı bildirilib. Onun kobud danışığı, ünsiyyət tərzi və iş yerində yaranan gərginliklər də qərara təsir edən amillər sırasında göstərilib.

Aşpaz daimi yaşayış icazəsi almağa imkan verən viza ümidi ilə restoranda çalışırmış. İşdən çıxarılması nəticəsində bu dəstəyi də itirib. Lakin Ədalətli Əmək Komissiyası müraciətin qanunla müəyyən edilmiş müddətdən gec təqdim edildiyini əsas gətirərək haqsız işdən çıxarılma ilə bağlı şikayətə baxmayıb.

Restoranın baş meneceri Elliot İnqram “Daily Mail”ə açıqlamasında problemin sadəcə pizza inqrediyenti ilə bağlı olmadığını bildirib. Bütün bunlara baxmayaraq, Davide Tamburella peşə fəaliyyətini davam etdirir. Onun hazırda Brisbendəki başqa bir restoranda çalışdığı məlum olub.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR